>
previous arrow
next arrow
Slider
 

Keçmiş rəhbərlər

Əliyev Rafiq

Əliyev Rafiq

(1949 - 2020)

Teatr və kino aktyoru və rejissoru, Azərbaycan Respublikasının Xalq artisti.

Rafiq Əliyev 14 noyabr 1949-cu ildə Füzuli rayonunun Merdinli kəndində anadan olmuşdur. 1957-ci ildə Bakıdakı 58 saylı orta məktəbin birinci sinfinə getmiş, 1968-ci ildə həmin məktəbi bitirdikdən sonra Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Mədəniyyət İnstitutunun Mədəni-Maarif fakültəsinin Rejissorluq bölməsinə daxil olmuşdur. 1971-ci ildə Qırmızı bayraqlı Qara dəniz Donanmasında hərbi qulluğa çağrılmış və 3 il hərbi xidmət etmişdir.

Həsənağa Turabov

Həsənağa Turabov

(1938 - 2003)

Görkəmli teatr və kino aktyoru, Azərbaycan Respublikasının Xalq artisti. Dövlət mükafatı laureatı. Professor. 1991-2003-cü illərdə Azərbaycan Teatr Xadimləri İttifaqının Prezidenti olmuşdur.

Həsənağa Səttar oğlu Turabov 1938-ci il aprelin 24-də Bakı şəhərində anadan olub. 1960-cı ildə Azərbaycan Театр İnstitutunu  aktyorluq ixtisası üzrə bitirib. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb.

Lütfiyar İmanov

Lütfiyar İmanov 

(17.04.1929 - 21.01.2008)

Opera müğənnisi. Pedaqoq. SSRİ Xalq artisti.

1986-91-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri olmuşdur.

Lütfiyar İmanov 17 aprel 1929-cu ildə Sabirabad rayonunnda anadan olub. İlk rolunu 1943-cü ildə Sabirabad Dövlət Musiqi Teatrının səhnəsində "Beş manatlıq gəlin" tamaşasında oynayıb. 18 yaşında ilk dram dərnəyini yaradıb. 1957-ci ildə Azərbaycan Dövlət Konservatotriyasında A.Milovanovun sinfində musiqi təhsilini bitirib və Dövlət Estrada Orkestrində, daha sonra isə Musiqili Komediya Teatrında fəaliyyət göstərib.

Şəmsi Bədəlbəyli

Şəmsi Bədəlbəyli

(1911 - 1987)

Rejissor, Azərbaycanın Xalq artisti.

1976-86-cı illərdə Azərbaycan Teatr Cəmiyyətinin sədri olmuşdur.

Azərbaycanın tanınmış rejissoru Şəmsi Bədəlbəy oğlu Bədəlbəyli 23 fevral 1911-ci ildə Şuşada ziyalı ailəsində doğulub. Atası Bədəl bəy Bədəlbəyli, əmisi Əhməd Ağdamski (Bədəlbəyli) milli dram və musiqili teatrımızın dirçəlişində böyük işlər görmüşlər.

Cabir Səfərov

Cabir Səfərov

(1924-1990)

1924-cü ildə anadan olmuşdur. Gənclik illərində ən yaxşı tamaşalarda kütləvi səhnələrdə çıxış etmiş, dövrünün ən görkəmli aktyorları ilə, o cümlədən Sidqi Ruhulla, Mirzəağa Əliyev, Ağasadıq Gəraybəyli, Mərziyə Davudova, Fatma Qədri, İsmayıl Osmanlı və bir çox başqaları ilə çiyin-çiyinə işləmiş, onların möhtəşəm sənətindən mənfəətlənmiş, həm də teatrın tarixi, nəzəriyyəsi və tənqidi ilə maraqlanmışdı. Böyük Vətən müharibəsində iştirak etmiş Cabir Səfərov 1948-ci ildə ali təhsil almaq arzusu ilə Azərbaycan Dövlət Teatr Institutunun Teatrşünaslıq fakültəsinə daxil olmuş, 1953-cü ildə institutu bitirmişdir.

Mehdi Məmmədov

Mehdi Məmmədov

(1918 - 1985)

Teatr rejissoru, aktyor, teatr nəzəriyyəçisi. Sənətşünaslıq doktoru, professor, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı.
1969-1976-cı illərdə Azərbaycan Teatr Cəmiyyətinin sədri olub.

Milli rejissuramızda xüsusi yeri olan Mehdi Məmmədovun quruluş verdiyi tamaşalarda idrakin gücü zərifliyə və emosiyaya, psixoloji çalarlardan zəmin tapan lirizmə qovuşaraq tamaşaçını düşüncələr aləminə aparırdı.

Zəfər Nemətov

Zəfər Nemətov

(1917 - 1971)

6 iyun 1917-ci ildə Bakıda anadan olmuşdur. Azərbaycan Dövlət Teatr Texnikumunda və Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. Moskva və Sankt-Peterburq şəhərlərində rejissor təcrübəsi keçmişdir.

1943-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor, 1954-cü ildən baş rejissor vəzifələrində çalışmışdır. Bu teatrın Azərbaycan və rus bölmələrində «Qaraca qız, «Polad necə bərkidi», «Qarlar kraliçası», «Tamahkar», «Yaşar», «Bir saat xəlifəlik», «Anacan», «Qırmızı şeytan balaları», «Romeo və Cülyetta», «Müfəttiş», «Polad üzük», «Zorən təbib», «Zoluşka» və s. tamaşalara quruluş vermişdir.

Mustafa Mərdanov

Mustafa Mərdanov

(1894 - 1968)

Azərbaycan Respublikasının Xalq artisti.

1962-1969-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin sədri olmuşdur.

Mustafa Həşım oğlu Mərdanov 1894-cü ildə Cənubi Azərbaycanda — Mərənddə dünyaya göz açmışdı. Amma o hələ uşaqkən ailələri Tiflisə köçmüş və 1924-cü ilə qədər burada yaşamışdılar. Tiflisin mədəni mühiti onun həyata baxışını hələ uşaqkən formalaşdırmışdı. Azərbaycanın formalaşmış aktyor məktəbi Mustafa Mərdanov üçün də əsl təcrübə məktəbinə çevrildi. Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli və onlarla sənət korifeylərindən öyrəndikləri bu aktyorun sənət yoluna işıq saldı, onu yeni yaradıcılıq axtarışlarına ruhlandırdı.

Mərziyə Davudova

Mərziyə Davudova

(1901 - 1962)

Teatr aktrisası. SSRİ Xalq artisti. Dövlət mükafatı laureatı.

1956-61-ci illərdə Azərbaycan Тeatr Cəmiyyətinin sədri olmuşdur.

Azərbaycan teatrının ilk peşəkar aktrisalarından olan, faciə, qəhrəman və dramatik səpkili rollarda böyük şöhrətə yiyələnmiş, yaradıcılığı bu gün məktəb kimi davam etdirilən sənətkar Mərziyə Yusif qızı Davudova (əslində Dautova) Azərbaycan səhnəsinin ən qüdrətli aktrisası sayılırdı. 1901-ci ildə Həştərxanda anadan olmuş Mərziyyə Davudova ilk rolunu oynayanda 16 yaşı vardı. O, Həştərxanda İqbal məktəbində "Birinci teatr" adlı ikipərdəli tamaşada (1917-ci il) Əfifə rolunu yaratmışdır.

Rza Təhmasib

Rza Təhmasib

(1894 - 1980)

Azərbaycan kinorejissoru, aktyor və pedaqoq.

Rza Təhmasib Azərbaycan teatr və kino sənətinin korifeylərindən idi. Milli teatrımızın inkişaf edib formalaşmasında bu böyük sənət fədaisinin xidmətləri əvəzsizdir. Onun genişmiqyaslı rejissorluq, aktyorluq fəaliyyəti bütöv bir əsrin sənət tarixinin unudulmaz səhifələrini təşkil edir.

1952-56- ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin sədri olmuşdur.

Şövkət Məmmədova

Şövkət Məmmədova

(1897  –  1981)

Müğәnni (lirik-koloratur soprano), pedaqoq, musiqi xadimi, İlk Azәrbaycan professional qadın müğәnni, SSRİ Xalq Artisti (1938).

1948-52-ci illərdə Azərbaycan teatr Cəmiyyətinin sədri olmuşdur.

Şövkət Məmmədova indiki Gürcüstanın Tbilisi şəhərində pinəçi ailəsində anadan olub. Atası Şövkətin musiqiyə qarşi olan istəyi hiss edib, milyonçu H.Z.Tağıyevin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir.

Abbasmirzə Şərifzadə

Abbasmirzə Şərifzadə

(1891 - 1938)

Romantik aktyor məktəbinin Hüseyn Ərəblinskidən sonraki ən ləyaqətli davamçısı görkəmli faciə aktyoru, böyük rejissor, cəfakeş teatr xadimi, kino sənətimizin tərəqqisində müstəsna rolu olan Abbasmirzə Şərifzadədir. O, 9 mart 1891-ci ildə Şamaxıda doğulub və iki yaşında ikən ailəsi Bakıya köçüb. Atası Mirzə Rəsul Şərifzadə müəllim işləyib, anası Fərruxbəyim isə evdar qadın olub.

İlk təhsili evdə atasından alan Abbasmirzə 1903-cü il sentyabr ayının 21-də ikinci rus-tatar (yəni rus-türk) məktəbinə daxil olub. Üç il burada oxuyandan sonra III Aleksandr adına kişi gimnaziyasına qəbul edilib.

Üzeyir Hacıbəyov

Üzeyir Hacıbəyli

(1885 – 1948) 

Dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938), Stalin Mükafatı laureatı (1941), Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948).

Zülfüqar Hacıbəyov

Zülfüqar Hacıbəyli 

(1884 - 1950)

İstedadlı bəstəkar, fəal ictimai xadim, Respublikanın Əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyli Azərbaycanda musiqili teatrın təşəkkül tapmasında və inkişafında mühüm rol oynamışdır.

Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyli 1884-cü il aprel ayının 17-də Şuşa şəhərində anadan olmuşdur. Zülfüqara ciddi musiqi təhsili almaq nəsib olmasa da o, tarda çalmağı öyrənmişdir.

Zülfüqar Hacıbəyli 1908-ci ildə "Leyli və Məcnun" operasının səhnə təcəssümü tapmasında yaxından iştirak etmişdir.

Həbib bəy Mahmudbəyov

Həbib bəy Mahmudbəyov

(1864 - 1928)

Müəllim, Aleksandr Müəllimlər İnstitutunun məzunu.

Həbib bəy Mahmudbəyov 1864-cü ildə Şamaxı şəhərində anadan olmuşdur.

1883-cü ildə Sultanməcid Qənizadə ilə birlikdə Tiflisə gedərək oradakı Aleksandr Müəllimlər İnstitutuna daxil olur. Onlar 1887-ci ildə birlikdə ilk özəl rus-müsəlman məktəbini açırlar. Bu, Azərbaycanda maarifin inkişafında böyük hadisə olur və maarifin gələcək inkişafının istiqamətini müəyyənləşdirir.

Əbdürəhim bəy Haqverdiyev

Əbdürəhim bəy Haqverdiyev

(1870- 1933)

Yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi (1932).

1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində doğuluşdur. İbtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində almış, sonra Şuşa realnı məktəbində oxumuşdur (1881-1890).

Əbdürəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxudugu zaman başlamış, M.F.Axundzadənin təsiri ilə "Hacı Daşdəmir" adlı kiçik bir pyes yazmışdı. 

Qənizadə Sultanməcid

Qənizadə Sultanməcid 

(1866- 1937)

Maarif xadimi, müəllim, yazıçı, tərcüməçi, jurnalist, bir sıra lüğətlər, dərsliklər, bədii əsərlər, felyetonlar müəllifi.

Sultanməcid Qənizadə 1866-cı ilin aprel ayında tacir Hacı Murtuzəli kişinin ailəsində anadan olmuşdur.

Onun hazırladığı bir sıra lüğətlər bu sahədə ilkin addımlardan sayıla bilər. "Lüğəti-rusi və türki" (1902), "Samouçitel tatarskoqo yazıka" və başqa kitablar S.M.Qənizadənin elmi təfəkküründən, dillərə olan münasibətindən, gərgin əməyindən, yaradıcı fəaliyyətindən, öz millətinə göstərdiyi xidmətdən və can yanğısından xəbər verir.

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı