>
previous arrow
next arrow
Slider
 

Mərziyə Davudova

Mərziyə Davudova

(1901 - 1962)

Teatr aktrisası. SSRİ Xalq artisti. Dövlət mükafatı laureatı.

1956-61-ci illərdə Azərbaycan Тeatr Cəmiyyətinin sədri olmuşdur.

Azərbaycan teatrının ilk peşəkar aktrisalarından olan, faciə, qəhrəman və dramatik səpkili rollarda böyük şöhrətə yiyələnmiş, yaradıcılığı bu gün məktəb kimi davam etdirilən sənətkar Mərziyə Yusif qızı Davudova (əslində Dautova) Azərbaycan səhnəsinin ən qüdrətli aktrisası sayılırdı. 1901-ci ildə Həştərxanda anadan olmuş Mərziyyə Davudova ilk rolunu oynayanda 16 yaşı vardı. O, Həştərxanda İqbal məktəbində "Birinci teatr" adlı ikipərdəli tamaşada (1917-ci il) Əfifə rolunu yaratmışdır.

Səhnəyə böyük həvəsli yeniyetmə Mərziyəni ilk dəfə görüb istedadını kəşf edən unudulmaz Hüseyn Ərəblinski olub. O, 1918-ci ildə Həştərxanda qastrolda olarkən bu gənc qızın oyununu bəyənmiş və onu Bakıya dəvət etmişdi.

1920-ci ildə Bakıya gələn və taleyini əbədi olaraq teatra bağlayan Mərziyə Davudova Azərbaycan mədəniyyətinin, xüsusilə də teatr sənətinin inkişafında misilsiz xidmət göstərmişdir.

Aktrisa arada çox qısa müddət Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında işləsə də, ömrünün sonunadək Milli teatrın aparıcı sənətçilərindən olub.

Cəfər Cabbarlının "Aydın" (Gültəkin), "Oqtay Eloğlu" (Firəngiz), "Od gəlini" (Solmaz), "Sevil" (Gülüş və Sevil), "Almaz" (Yaxşı və Almaz), "Solğun çiçəklər" (Gülnisə), "Dönüş" (Gülsabah və Turac), "1905-ci ildə" (Nabat və Sona), "Trablis müharibəsi" (Şəmsa) əsərlərinin tamaşalarında əsas rollarda uzun illər səhnəyə çıxıb.

Mərziyə Davudova daxili ehtirası, güclü səhnə temperamenti, monumental janrın tələblərinə cavab verən ifadə vasitələri, romantik təxəyyülü ilə faciə aktrisası idi.

Psixoloji dramatizminə, obrazın ikinci planını tamaşaçıya təqdim etmək hünərinə, dramatik personajların ifasında oyun-üslub keyfiyyətlərinə görə realist aktyor məktəbinə mənsub idi. Romantik sevgi rollarında oyunu öz poetikilyi, həzin lirızmi, poetik təravəti, səhnə hərəkətləri zərifliyi, məlahəti və cazibəsi ilə könül oxşayırdı.

Təbiətcə xeyirxah olması səhnədə yöndaşlarına münasibətdə, xüsusən gənc aktyorlarla işində nəzərə çarpırdı. Mərziyə xanım heç vaxt öndə "görünmək" xatirinə mizanı pozmaz, lazım gələndə səhnənin lap dərinliyində psixoloji realizmlə vəziyyəti oynayardı.
Ağır xəstəliyə tutulduğuna görə Mərziyə Davudovanın yubileyi yeddi ay tez, 20 may 1961-ci ildə keçirildi. Altmış yaşı tamam olandan iyirmi yeddi gün sonra aktrisa dünyasını dəyişdi. Bakıda Fəxri xiyabanda dəfn olundu.

 

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı