>
previous arrow
next arrow
Slider
 

Abbasmirzə Şərifzadə

Abbasmirzə Şərifzadə

(1891 - 1938)

Romantik aktyor məktəbinin Hüseyn Ərəblinskidən sonraki ən ləyaqətli davamçısı görkəmli faciə aktyoru, böyük rejissor, cəfakeş teatr xadimi, kino sənətimizin tərəqqisində müstəsna rolu olan Abbasmirzə Şərifzadədir. O, 9 mart 1891-ci ildə Şamaxıda doğulub və iki yaşında ikən ailəsi Bakıya köçüb. Atası Mirzə Rəsul Şərifzadə müəllim işləyib, anası Fərruxbəyim isə evdar qadın olub.

İlk təhsili evdə atasından alan Abbasmirzə 1903-cü il sentyabr ayının 21-də ikinci rus-tatar (yəni rus-türk) məktəbinə daxil olub. Üç il burada oxuyandan sonra III Aleksandr adına kişi gimnaziyasına qəbul edilib.

Ancaq tutulduğu uşaq xəstəliyi ona təhsilini davam etdirməyə imkan verməyib. Böyük qardaşı Qulamrza Şərifzadənin yanında ticarət işləri ilə məşğulluğa başlayıb, həm də onunla teatr tamaşalarına gedib.

Hüseyn Ərəblinskinin oyunu digər həmyaşıdları kimi, Abbasmirzəni də məftun edib. Get-gedə qəlbində aktyorluq sənətinə böyük maraq oyanan gənc 1908-ci ildə Müsəlman Dram Artistləri dəstəsinin hazırladığı Molyerin "Zorən təbib" komediyasında Lal qız rolunda ilk dəfə səhnəyə çıxıb. Bununla taleyini ömürlük səhnəyə bağlayan Şərifzadə "Nicat", "Səfa" mədəni-maarif cəmiyyətlərinin teatr truppalarında aktyor və rejissor kimi fəaliyyət göstərib. Aktyorluğa başladığı ilk illərdə tamaşaların məramnamələrində qardaşı "Şərifzadə-1" (Şərifov), özü "Şərifzadə-2" yazılıb.

1917-ci il 18 oktyabrda kifayət qədər şöhrətlənmiş sənətkar “Müsəlman Aktyorları İttifaqı”nı yaradıb və özü də onun sədri olub. İttifaqda İki illik aktyorluq kursu yaradılmışdı ki, bu da ilk milli səhnə təhsilimizin qaranquşu sayılır.

Abbasmirzə Şərifzadə iyirminci illərin sonunda qısa müddət Bakı Türk İşçi Teatrında (1932) və kino fabrikində işləsə də, 1928-ci ildə opera teatrına baş rejissor təyin olunsa da, onun rejissor, əsasən aktyor yaradıcılığı bilavasitə Milli teatrla bağlıdır. O, Azərbaycan səhnə sənətini başqa məmləkətlərdə tanıtmaqda da böyük işlər görüb. Onun başçılığı ilə aktyorlarımız İranda (1914), Aşğabadda (1917), Hacıtərxanda (1918), dəfələrlə Tiflisdə, Batumida, İrəvanda... qastrollarda olublar.

Abbasmirzə Şərifzadə 1937-ci ildə repressiyaya məruz qalıb, 16 noyabr 1938-ci ildə güllələnib. Əllinci illərdə ölümündən sonra bəraət almış sənətkara 1963-cü ildə təntənəli şəkildə 70 illik yubiley keçirilib. Onun adına Bakıda küçə var. Vaxtilə özü sədr olduğu Cəmiyyətin yerləşdiyi Aktyor Evi Abbasmirzə Şərifzadənin adını daşıyır.

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı