>
previous arrow
next arrow
Slider
 

İttifaq bu gün

İttifaq bu gün

 

Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqı ölkəmizdə fəlaiyyət göstərən ən fəal yaradıcı təşkilatlardan biridir.

Hazırda Teatr Xadimləri İttifaqına Xalq artisti, professor Azər Paşa Nemətov rəhbərlik edir. Ətrafında 800-dən artıq üzvü birləşdirən Teatr Xadimləri İttifaqının Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt şöbələrinin aktiv fəaliyyəti milli teatr prosesinə əhəmiyyətli təsir göstərir.

İttifaq tarixi ənənəsinə sadiq qalaraq, bu gün də mütəmadi şəkildə festivallar, müsabiqələr, yaradıcılıq gecələri, görüşlər, xatirə gecələri, konfranslar, seminarlar, ustad dərsləri, brifinqlər, mətbuat konfransları, təqdimat mərasimləri keçirir.

AzTXİ dünyanın nüfuzlu teatr qurumlarının: YUNESKO-nun Beynəlxalq Teatr İnstitutunun və Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının həqiqi üzvüdür. İttifaqda UNESKO-nun Beynəlxalq Teatr İnstitutunun Azərbaycan Milli Mərkəzi yerləşir. Azərbaycan Milli Mərkəzinin prezidenti Xalq artisti, professor Azər Paşa Nemətovdur.

Beynəlxalq əməkdaşlıq sahəsində uğurlu fəaliyyət göstərən İttifaq 2018-ci ilin noyabrında Gürcüstan Teatr Cəmiyyəti ilə mədəni əlaqələrin inkişaf etdirilməsi haqqında memorandum imzalamışdır. Memorandum çərçivəsində 2018-ci ilin noyabrında Sumqayıt Dövlət Dram Teatrı ilə Kutaisi Dövlət Professional Dram Teatrı, 2019-cu ilin aprel ayında isə Gəncə Dövlət Dram Teatrı ilə Ozurgeti Dövlət Dram Teatrı arasında qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalanmışdır.

Teatr Xadimləri İttifaqı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası, Azərbaycan Milli Elmlər Akademiyası, Akademik Milli Dram Teatrı, Dövlət Teatr Muzeyi, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birgə teatr sənətinin təbliğində əhəmiyyətli rolu olan bir çox tədbirlər keçirmişdir. 

AzTXİ bütün tarixi dönəmlərdə olduğu kimi, bu gün də nəşriyyat işinə xüsusi önəm verir. İttifaqda hər il Azərbaycanın görkəmli sənətkarlarına həsr olunmuş kitab çap olunur və beynəlxalq təşkilatlara, ölkə kitabxanalarına təqdim edilir.

İttifaqın tamaşa salonunda və Xalq artisti Mustafa Mərdanovun adını daşıyan kiçik səhnəsində anım günləri, yubileylər, görüşlər keçirilir,  «Zəfər» teatr studiyasında hazırlanmış tamaşalar oynanılır, gənclərin yaradıcılıq potensialının üzə çıxması üçün onlara geniş imkanlar yaradılır və müxtəlif formalı digər tədbirlər  keçirilir.

AzTXİ yaradıcı gəncliyin inkişafını daim nəzər-diqqətində saxlayır və onlara beynəlxalq layihələrə qatılmaq üçün şərait yaradır.

İttifaq döyüş bölgələrində fəaliyyət göstərən teatrların yaradıcılıq şəraitini daim diqqət mərkəzində saxlamış, onlarla vaxtaşırı görüşlər keçirmiş, teatrların problemləri ilə maraqlanmış və həllinə çalışmışdır.

Yeni başlanğıclara dəstək verən İttifaq gənc dramaturq, aktyor, rejissor və teatrşünaslarının laboratoriyasını açmışdır. Burada müntəzəm olaraq tanınmış sənətkarlar ustad dərsləri keçirirlər. Laboratoriya iştirakçıları İttifaqın təqdimatı ilə müxtəlif illərdə MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin Teatr forumunda iştirak etmişlər. Dramaturq, teatrşünas, rejissor və rəssamların yaradıcılıq nümunələri Moskvada Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının nəşr etdirdiyi topluda çap olunmuşdur.

Özünün əsas vəzifəsini teatr prosesini canlandırmaqda, bütün yeni başlanğıclara təkan verməkdə, milli teatr sənətimizi çağdaş dünya teatr prosesinə qovuşdurmağa çalışmaqda və bunun üçün bütün imkanlardan istifadə etməkdə görən Azərbaycan Teatr Xadimləri İttifaqı bu məqsədlə gələcəkdə də özünün proqram xarakterli layihələrini həyata keçirmək niyyətindədir.

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı