22 iyun 2026-cı il
Xalq artisti Sədayə Mustafayevanın 100 illiyi münasibəti ilə tədbir
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Xalq artisti Sədayə Mustafayevanın 100 illiyi münasibəti ilə "Sənətə həsr olunmuş ömür" adlı tədbir keçirilib.
İttifaqın Mustafa Mərdanov səhnəsində keçirilən tədbirdə görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri iştirak edib.
Giriş sözü ilə çıxış edən Teatr Xadimləri İttifaqının Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov iştirakçıları salamlayıb, İttifaqın kiçik səhnəsində keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib. İttifaq Sədri Sədayə Mustafayevanın yaradıcılıq yolundan söhbət açıb, onun milli teatr və kino sənətinə bəxş etdiyi dəyərli incilərdən danışıb.
Çıxış edənlər - Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar incəsənət xadimi, Sənətşünaslıq elmləri doktoru, professor İlham Rəhimli Sədayə Mustafayeva yaradıcılığından danışıb, onun əziz xatirəsini ehtiramla yad ediblər.
Çıxışlararası aktrisanın oynadığı tamaşalardan, çəkildiyi filmlərdən fraqmentlər göstərilib, şəkillərindən ibarət videoçarx nümayiş etdirilib.
Sonda Sədayə Mustafayevanın nəvəsi - teatrşünas Anar Ərtoğrul Burcəliyev tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

