>
previous arrow
next arrow
Slider
 
14 iyul 2021-ci il

«Mədəniyyətimiz – Tariximiz» silsiləsindən Azərbaycan mədəniyyətinin görkəmli simalarından biri Əbdürrəhim bəy Haqverdiyevə həsr olunmuş tədbir 

Görkəmli ziyalılar, sənət adamları və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri  giriş sözü ilə İttifaqın sədr müavini, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov açdı.

O, Ə.Haqverdiyevin keçdiyi şərəfli ömür yolu, onun milli mədəniyyətimizə bəxş etdiiyi dəyərli sənət inciləri barədə danışdı. Qeyd etdi ki: «2020-ci il Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubiley ili idi. Bu əlamətdar tarixlə əlaqədar möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin 31 yanvar 2020-ci ildə imzaladığı Sərəncam çərçivəsində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulsa da, təəssüf ki, mövcud pandemiya şəraitində teatrlarımız bundan bəhrələnə bilmədi. Ötən il Əbdürrəhim bəyin əsərlərinə yenidən səhnə həyatı verilməsi imkanı olmasa da, onun yaradıcılığı bütün zamanlarda öz aktuallığını qoruyub saxlaya bilib və öz yüksək qiymətini alıb. Əbdürrəhim bəyin adı UNESKO-nun 2020-2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilib. Bu, onun yaradıcılığına verilən yüksək qiymətin aydın təzahürüdür…».

Sonra söz qonaqlara verildi. Əməkdar jürnalist, Bakı Dövlət Universiteti «Multimedia və elektron kommunikasiya» kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Allahverdi Məmmədli çıxışında Ə.Haqverdiyev yaradıcılığını ətraflı təhlil etdi, doğma xalqına, ana yurduna yorulmadan xidmət edən, vətənpərvər sənətkar kimi xalqını mədəni, xoşbəxt və azad görmək arzusu ilə yaşayan Əbdürrəhim bəy Haqverdiyevə həsr olunmuş tədbirdə iştirak etdiyindən məmnunluq duyduğunu bildirdi.

Sonra söz Əməkdar artist, rejissor Nicat Kazımova verildi. N.Kazımov böyük dramaturq, ustad nasir, bütün ömrü və yaradıcılıq yolu doğma xalqına, ana yurduna yorulmadan xidmət Ə.Haqverdiyevin əsərlərinin teatr sənətimizin inkişafındakı rolundan və quruluş verdiyi «Pəri Cadu» tamaşasından danışdı.

Çıxışlar arası Ə.Haqverdiyevin əsərlərindən ibarət foto və videogörüntülər nümayiş olundu.

Ə.Haqverdiyevin nəticəsi Eldar Məlik Abbas tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirdi. Tədbir görkəmli alim Mir Cəlal Paşayevin Əbdürəhim bəy Haqverdiyev haqqında fikirləri ilə yekunlaşdı. Sonda xatirə şəkli çəkildi.

 

 

 

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı