>
previous arrow
next arrow
Slider
 
Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olduğu beynəlxalq qurumlar

Azərbaycan Teatr  Xadimləri İttifaqı beynəlxalq münasibətlər sahəsində zəngin təcrübəyə malikdir. İttifaq Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının (1992) və UNESKO-nun Beynəlxalq Teatr İnstitutunun (2002) üzvüdür.

Beynəlxalq Teatr İttifaqları Konfederasiyası

1992-ci ildə yaradılmış Beynəlxalq Teatr İttifaqları Konfederasiyası müxtəlif dövlətlərin ictimai teatr birliklərinin daxil olduğu qeyri-hökumət təşkilatıdır. Konfederasiyanın prezidenti Valeri İvanoviç Şadrindir.

Beynəlxalq Teatr İttifaqları Konfederasiyası 1992-ci ildən bəri keçirilən A.P.Çexov adına Beynəlxalq Teatr Festivalının təsisçisi və təşkilatçısıdır. Hal-hazırda festivalın baş direktoru V.İ.Şadrindir. İndiyədək 14 dəfə keçirilmiş Çexov Festivalında fəal iştirak edən Azərbaycan nümayəndə heyəti Həsənağa Turabov, Vaqif İbrahimoğlu, Polad Bülbül oğlu, Kamal Abdullayev, Amaliya Pənahova, Fuad Poladov, Bəhram Osmanov, Kamal Aslanov, Lyudmila Duxovnaya, Kamal Xudaverdiev, Əliabbas Qədirov, Bəsti Cəfərova, Hacı İsmayılov, Məleykə Əsədova, Ramiz Novruzov, Hicran Nəsirova, Elxan Quliyev, İftixar Piriyev, Qəzənfər Topçiyev, Rəfiqə Axundova, Vaqif Əsədov, Yusif Əkbərov, Əliqismət Lalayev, Tamilla Məhərrəmova, Aleksandr Şarovski, Cənnət Səlimova, Naidə İsmayılzadə, İrina Perlova, Rəhman Əlizadə, Hüseynağa Atakişiyev, Vaqif Şərifov, Yaqub Məmmədov, Tatyana Qross və s. kimi 300-ə yaxın görkəmli teatr xadimi ilə təmsil olunub.

2010-cu ildə Azərbaycan Teatr Xadimləri İttifaqı Beynəlxalq Teatr İttifaqları Konfederasiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Procent” şirkəti ilə birlikdə “Çexov Festivalının İpək Yolu” layihəsinin təşkilatçısı olub. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramında təsbit olumuş müddəalara uyğun olaraq Bakıda Çexov Beynəlxalq Teatr Festivalının "İpək yolu" mərhələsində üç kollektiv çıxış edib: Kanadanın “Eluaz” sirkinin “Yağış” (rejissoru Daniele Fintsepaska), Fransanın “Kiçik saat” teatrının “Aureliyanın oratoriyası” (rejissoru Viktoriya Çaplin, Çarli Çaplinin kiçik qızı) və Yanka Kupala adına Belarus Akademik Dram Teatrının Çexovun əsəri əsasında “Toy” (rejissoru Vladimir Pankov) tamaşaları Azərbaycan tamaşaçılarına göstərilib.

Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının təşkilatçısı olduğu və teatrla bağlı olan bütün gənc sənətçilər arasında əlaqələrin möhkəmlənməsinə və inkişafına xidmət edən “Müstəqil Dövlətlər Birliyi, Baltikyanı ölkələr və Gürcüstanın gənc teatr xadimlərinin işlərinə baxış” layihəsində rejissorların, səhnə tərtibatçılarının, dramaturqların müxtəlif janrda işləri təqdim olunur. Layihə çərçivəsində Gənclərin Teatr forumları, A.P.Çexov Beynəlxalq Teatr Festivalı çərçivəsində isə Azərbaycandan gənc teatr sənətçilərinin fəal iştirak etdiyi “Müstəqil Dövlətlər Birliyi, Baltikyanı ölkələr və Gürcüstanın gənc rejissorlarının laboratoriyaları” keçirilir. Labratoriyada fəal iştirak edən gənclərdən Elşad Rəhimzadə, Elçin Cəfərov, Könül Əliyeva-Cəfərova, İsmayıl Iman, Şəbnəm Xeyrulla, Aytən Məmmədova, Əlif Cahangirli, Anar Sadıqov, Mikayıl Mikayılov, Aygün Süleymanova, Fərid Əhmədov, Vüqar Əhmədov, Turan Kərimbəyli, Mehman Fətullayev və digərlərini qeyd etmək olar.

 Azərbaycan Teatr Xadimləri İttifaqı 2002-ci ildən UNESKO-nun Beynəlxalq Teatr İnstitutunun üzvüdür. İttifaqda UNESKO-nun Beynəlxalq Teatr İnstitutunun Azərbaycan Milli Mərkəzi yerləşir. Azərbaycan Milli Mərkəzinin prezidenti Xalq artisti, professor Azər Paşa Nemətovdur.

 

UNESKO-nun Beynəlxalq Teatr İnstitutu

UNESKO-nun Beynəlxalq Teatr İnstitutu (UNESCO BTİ) 1948-ci ildə teatrı nəzəri və praktiki öyrənmək məqsədilə teatr xadimləri arasında beynəlxalq əlaqələrin möhkəmlənməsinə xidmət edən beynəlxalq teatr təşkilatı kimi təsis edilib. UNESKO BTİ-nun prezidenti Mühamməd Saif Əl-Əfham, baş direktoru Tobias Biankonedir. BTİ müxtəlif qitələrdə yerləşən 90-dan çox mərkəzini özündə birləşdirir. Hər iki və ya üç ildən bir BTİ seçilmiş şəhərdə öz mərkəzləri ilə birgə YUNESCO BTİ-nin üzvlərinin toplandığı və Azərbaycan MİT Milli Mərkəzindən olan heyətin də iştirak etdiyi Ümumdünya Konqresi keçirir. YUNESKO BTİ yaradılandan bu günə qədər 35 dəfə Ümumdünya Konqresi keçirilmişdir.

2010-cu ildən bəri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə hər il iki ildən bir “Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının müddəalarına uyğun olaraq Bakı Beynəlxalq Teatr Konfransı keçirilir. İndiyə qədər beş Bakı Beynəlxalq Teatr Konfransı keçirilib və burda dünyanın hər yerindən teatr xadimləri, UNESCO (Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı), UNESCO BTİ (Beynəlxalq Teatr İnstitutu), UNIMA (Beynəlxalq Kukla Teatrları Birliyi), ASSITEJ (Uşaqlar və Gənclərin Beynəlxalq Teatrları Assosiasiyası), OISTAT (Səhnə tərtibatçıları, teatr memarları və texnoloqlarının beynəlxalq təşkilatı), AICT-IACT (Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası), FIRT-IFTR (Beynəlxalq Teatr Tədqiqatçıları Federasiyası) və s. kimi dünyanın tanınmış beynəlxalq mədəni və teatr təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Mədəni əlaqələrin və qarşılıqlı səmərəli əməkdaşlığın inkişafı  məqsədilə, Azərbaycan Teatr Xadimləri İttifaqı bir sıra memorandumlara imza atıb.

7 noyabr 2018-ci il-də Bakıda YUNESKO BTİ Azərbaycan Milli Mərkəzinin dəstəyi ilə Azərbaycan Teatr Xadimləri İttifaqı və İvan Vazov adına Bolqarıstan Milli Teatrı arasında, həmçinin, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Bolqarıstanın İvan Vazov adına Milli Teatrı arasında əməkdaşlıq memorandumları imzalanıb. Memorandumları Bolqarıstan Milli Teatrının baş direktoru Marius Donkin və Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru Azər Paşa Nemətov imzalayıblar.

14 noyabr 2018-ci ildə Bakıda YUNESKO BTİ Azərbaycan Milli Mərkəzinin dəstəyi ilə Azərbaycan Teatr Xadimləri İttifaqı və “Gürcüstan Teatr Cəmiyyəti” Yaradıcılıq Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu Gürcüstan Teatr Cəmiyyətinin sədri, Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin məsləhətçisi Georgi Gegeçkori və Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov imzalayıblar. Həmin gün Gürcüstanın Kutaisi Dövlət Professional Dram Teatrı və Sumqayıt Dövlət Dram Teatrı arasında digər əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu teatrların direktorları Konstantin Abaşidze və Mübariz Həmidov imzalayıblar.

5 aprel 2019-cu ildə Gəncə Dövlət Dram Teatrı və Ozurgeti Dövlət Dram Teatrı arasında memorandum imzalanıb. Memorandumu Gəncə Dram Teatrının direktoru Əli Qasımov və Özürgeti Dram Teatrının bədii rəhbəri Vasil Çiqogidze imzalayıblar.

Azərbaycan Teatr Xadimləri İttifaqı və Gürcüstan Teatr Cəmiyyəti arasında əməkdaşlıq memorandumu çərçivəsində, 8 mart 2019-ci ildə Kutaisi Dövlət Professional Dram Teatrı V. Qavelin “Duplet” tamaşası ilə Bakıda “Boş məkanın dolğunluğu” adlı eksperimental tamaşalar festivalında iştirak edib. 5 aprel 2019-cu ildə Mesxeti (Axaltsixi) Dövlət Peşəkar Dram Teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində J.Kaşianın “Medeya Evripidə qarşı” tamaşasını göstərib.

 

 

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı