TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

 

IV Bakı Beynəlxalq Teatr Konfransı

 

7-8 noyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmiş ““Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı”na uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçirilmişdir.

Konfransda Beynəlxalq Teatr İnstitutu, Beynəlxalq Teatr Tədqiqatları Federasiyası, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası, ASSITEJ (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası), UNIMA (Beynəlxalq Kukla Teatrları İttifaqı), MTBA (Musiqili Teatrların Beynəlxalq Assosiasiyası) təmsil olunmuşlar. Ümumilikdə 38 ölkədən 150-yə yaxın teatr xadimi konfrans çərçivəsində təşikil olunmuş görüşlərdə, seminar, treninq və digər tədbirlərdə iştirak etmişlər. 6 noyabrda konfrans nümayəndələri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin «Ölülər» (rejissor Azər Paşa Nemətovun quruluşunda) tamaşasına baxmışlar.

7 noyabrda konfransdan öncə nümayəndələr Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət etmişlər. Ziyarətdən sonra Azərbaycan Dövlət Musiqili Teatrında keçirilən tədbirin açılış mərasimində iştirak edən konfrans nümayəndələri teatrın foyesində təşkil olunmuş 2010, 2012 və 2014-cü illərdəki beynəlxalq teatr konfranslarından bəhs edən fotosərgi və Milli Kitabxana tərəfindən hazırlanmış kitab sərgisi ilə tanış olmuşlar. Təntənəli açılış mərasimi incəsənət ustalarının təqdim etdikləri teatr tamaşalarından səhnələr, musiqi nömrələri, Azərbaycan teatrının mənzərəsini əks etdirən mini-tamaşa ilə başlamışdır. Səhnədə quraşdırılan monitorda Azərbaycan teatrının tarixini əks etdirən videomaterial nümayiş olunmuşdur. Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini məsələlər üzrə Dövlət Müşaviri Kamal Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciəti iştirakçıların diqqətinə çatdırmışdır. Sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev tədbir iştirakçılarını salamlamış, Azərbaycan teatrının keçdiyi tarixi inkişaf yolundan bəhs etmişdir. Konfransın işinə uğurlar arzulayan Nazir bildirmişdir ki, ənənəyə çevrilmiş Bakı Beynəlxalq Teatr Konfransı teatrsevərləri öz ətrafında toplayan səmərəli teatr forumuna çevriləcəkdir.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanın teatr tarixində multikultural ənənələrdən, dramaturq və rejissor məktəblərindən, "Multikulturalizm və teatr" mövzusunun aktuallığından danışmışdır. Sonra söz qonaqlara verilmişdir. Tədbirin təşkilatçılarına dərin minnətdarlıqlarını bildirən Cənubi Afrikanın Milli Delfisiya Şurasının sədri, "Afrika şairi" Milli mükafatı laureatı Zolani Mkviva, Beynəlxalq Teatr Tədqiqatları Federasiyasının Prezidenti Cin Qrehem-Cons (ABŞ), UNESKO-nun sülh naminə artisti, Beynəlxalq Teatr İnstitutunun baş katibi Əli Mahdi (Sudan) konfrans iştirakçılarına uğurlar arzulamışlar.

Konfrans işini plenar iclaslarla davam etdirmişdir. İki gün davam edən konfransda 48 məruzəçinin çıxışı dinlənilmişdir. Çıxışlarda "Multikultural dəyərlər sistemində Azərbaycan teatrı", "Teatrın demokratikliyi (Multikulturalizm və mədəni özünəməxsusluq haqqında)", "Teatr, multikulturalizm və qlobalizasiya: incəsənət üçün yaradıcı imkanlar", "Tərcümə pyesləri "Azərbaycan səhnəsində", "Multikulturalizm və qarışıq reallıq (Texnologiyalar sayəsində tamaşanın təsirini artırmaq imkanları)", "Şri-Lankanın müasir teatrı çoxmədəniyyətlilik konsepsiyası fonunda", "Multikultural dəyərlər və mədəniyyətlərarası dialoq" və s. kimi aktual məsələlərə toxunulmuşdur. Noyabrın 8-də Konfrans işini başa çatdırmışdır. Yekun nitqi ilə Konfransın Təşkilat Komitəsinin Sədri Ədalət Vəliyev çıxış edərək konfrans iştirakçılarına bu möhtəşəm tədbirdə fəal iştirak etdiklərinə görə minnətdarlığını bildirmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Sonda iştirakçılarla xatirə şəkli çəkilmişdir.