7 may 2018-ci il
Heydər Əliyev – 95 / Azərbaycan Xalq Cümhuriyyəti – 100
7 may 2018-ci il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqında Ümummilli lider Heydər Əliyevin 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Konfransda millət vəkilləri, görkəmli elm və incəsənət adamları və media nümayəndələri iştirak etmişlər.
Konfrans iştirakçıları Ulu öndər Heydər Əliyevə və Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş sərgi ilə tanış olmuşlar.
Giriş sözü ilə çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azər Paşa Nemətov qonaqları salamlamış, bütün azərbaycanlılar üçün əlamətdar olan Ulu öndərin 95 illiyi və Cümhuriyyətin 100 illiyi ilə bağlı fikirlərini söyləmişdir. Sonra o, sözü məruzəçilərə vermişdir.
İlk məruzə ilə çıxış edən millət vəkili, akademik Yaqub Mahmudov dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı naminə fəaliyyətindən, Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi tarixi inkişaf yolundan söhbət açmış, Azərbaycanın son 200 illik tarixi barədə maraqlı faktlar danışmışdır.
Sonra söz millət vəkili, Filologiya elmləri namizədi Elmira Axundovaya verilmişdir. Elmira xanım Heydər Əliyevin şəxsiyyət obrazını müfəssəl şəkildə təsvir etmiş, onun siyasi fəaliyyətindən, dövlətimizin qorunması naminə ən çətin vəziyyətdə belə çıxış yolunu tapa bilmək qüdrətindən söz açmışdır.
Konfransın sonuncu məruzəçisi, millət vəkili, İqtisad elmləri doktoru, professor, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev də olduqca maraqlı məqamlara toxunmuş, Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən söz açmış, onun ölkəmizin iqtisadi vəziyyətinin yüksəldilməsi üçün atdığı çətin və məsuliyyətli addımlar haqqında maraqlı məlumat təqdim etmişdir.
Sonda Azər Paşa Nemətov konfrans iştirakçılarına və media nümayəndələrinə dərin minnətdarlığını bildirmiş, bu əlamətdar tarixlərin bağlılığını və ölkəmizin həyatındakı əhəmiyyətini qeyd etmişdir.