14 oktyabr 2022-ci il
«Sərhədsiz teatr» layihəsi çərçivəsində ilk görüş
14 oktyabr 2022-ci il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqının «Sərhədsiz teatr» layihəsi çərçivəsində ilk görüş keçirildi. Layihənin əsas məqsədi bölgə teatrlarının Bakıya və digər paytaxt şəhərlərinə intqerasiyasını təşkil etmək, yaradıcılıq prosesini canlandırmaq, gənc sənətçilərdə yeni axtarışlara stimul yaratmaqdan ibarətdir.
14 oktyabrda İttifaqın «Yaradıcılıq» şöbəsinin mütəxəssisləri Dağlar Yusifov (Gənclər sektorunun rəhbəri) və Elvin Rüstəmli (“1873” You Tube kanalının baş rejissoru) Gəncə Dövlət Dram Teatrında oldular. Kollektivlə görüşən İttifaq əməkdaşları burada «Aktyorun rol üzərində işi» adlı elmi seminar keçirdilər, həbelə yaradıcı heyətlə sənət haqqında söhbətlər apardılar, onların problemləri ilə maraqlandılar və problemlərin həlli yollarını araşdırdılar.
Səmimi şəraitdə keçən görüşdə teatrın rəhbərliyi və kollektivi bölgə teatrlarına göstərdiyi qayğıya görə Teatr Xadimləri İttifaqına minnətdarlıqlarını bildirdilər və bu qayğıdan ruhlanaraq daha yaxşı tamaşalarla çıxış edəcəklərini qeyd etdilər.
«Sərhədsiz teatr» layihəsi çərçivəsində növbəti səfər Mingəçevir şəhərinə olacaq.