03 iyun 2024-cü il
"Xan qızı" tamaşası Xalq yazıçısı İlyas Əfəndiyevin 110 illiyi münasibəti ilə tamaşaçılara təqdim olundu.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Bakı Bələdiyyə Teatrının "Xan qızı" tamaşası oynanıldı. Tamaşa Xalq yazıçısı İlyas Əfəndiyevin 110 illiyi münasibəti ilə tamaşaçılara təqdim olundu.
Azərbaycan Teatr Xadimləri İttifaqının səhnəsində göstərilən tamaşadan öncə İttifaq Sədrinin vəzifə səlahiyyətlərini icra edən Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov qonaqları salamladı. Görkəmli dramaturqun həyat və yaradıcılıq yolundan danışandan sonra o, sözü Əməkdar incəsənət xadimi, Sənətşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadəyə verdi. Məryəm Əlizadə İlyas Əfəndiyevin milli dramaturgiyamızdakı rolundan, səhnəmizə bəxş etdiyi sənət incilərindən, Bakı Bələdiyyə Teatrının yaradıcısı, Xalq artisti Amaliya Pənahovanın İlyas müəllimin əsərlərində ifa etdiyi mükəmməl obrazlardan danışdı. Sonra söz Xalq artisti Mərahim Fərzəlibəyova verildi. Mərahim Fərzəlibəyov bu iki böyük sənətkarla dostluğundan, yaradıcılıq əlaqələrindən söhbət açdı.
Çıxışlardan sonra tamaşaçılar "Xan qızı" tamaşasına baxdılar. Tamaşa gurultulu alqışlarla qarşılandı.
Çıxışlardan sonra tamaşaçılar "Xan qızı" tamaşasına baxdılar. Tamaşa gurultulu alqışlarla qarşılandı.
Sonda tamaşanın rejissoru Mərahim Fərzəlibəyov və Xurşidbanu Natəvan obrazının ifaçısı Ülviyyə Rza İttifaqın fəxri fərmanı ilə mükafatlandırıldılar.