31 may 2018-ci il
Hacıməmməd Qafqazlı – 120
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə 31 may 2018-ci il tarixdə Respublikanın Əməkdar artisti Hacıməmməd Qafqazlının 120 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Tədbirdə görkəmli elm və incəsənət xadimləri, media nümayəndələri və sənətkarın ailə üzvləri iştirak edib.
Yubiley tədbirində Hacıməmməd Qafqazlının ömür yolundan bəhs olunub, sənətkarın həyat və yaradıcılığını əks etdirən foto və videoçarxlar, habelə fotostendlər nümayiş olunub.
Aparıcı – Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov Hacıməmməd Qafqazlının yaradıcılığı haqqında geniş məlumat verib. Qeyd edib ki:
Hacıməmməd Ələkbər oğlu Quliyev (Hacıməmməd Qafqazlı) 1898-ci ildə Lənkəranda şair ailəsində doğulub. İlk təhsilini mollaxanada alan Hacıməmməd 9 yaşından rus-müsəlman məktəbində oxuyub. 14 yaşından Orucov qardaşlarının mətbəəsində mürəttib kimi əmək fəaliyyətinə başlayıb. Yeniyetmə yaşlarından sənətə, teatra böyük maraq göstərib. Dövrünün görkəmli maarifçiləri – Seyid Hüseyn, Nəriman Nərimanov və bir sıra digər tanınmış ziyalılarla yaxından tanış olan Hacıməmməd Qafqazlı 1920-ci ildə Maştağada ilk fəhlə-kəndli klubu yaradıb və klubun nəzdində dram dərnəyi təşkil edib. Burada Azərbaycan dramaturqlarının əsərlərini tamaşaya qoyaraq, rejissor kimi fəaliyyət göstərib.
Hacıməmməd Qafqazlının teatra olan marağını və istedadını görən Abbas Mirzə Şərifzadə onu Milli Dram Teatrına dəvət edib. Dəvəti qəbul edən aktyor o vaxtdan ömrünün sonuna qədər burada çalışıb. İlk rolu Hüseyn Cavidin "Uçurum" pyesində olub. Bundan sonra teatrın səhnəsində 200-dən artıq müxtəlif səpkili obrazlar yaradıb. «Hacı Qara»da Hacı Qara, «Müsyö Jordan və dərviş Məstəli şah»da Hatəmxan ağa, «Dağılan tifaq»da Cavad, «Ölülər»də Şeyx Əhməd və Mirzə Hüseyn, «İblis»də İxtiyar, «Almaz»da Aftil, «Vaqif»də Vəzir, «Qaçaqlar»da Fon Mor, «Müfəttiş»də Lyapkin-Tyapkin, «Otello»da Vali, «On ikinci gecə»də Valentin, «Hamlet»də Rozenkrants, «Gülən adam»da Həkim və s. yaddaqalan rollar sənətkarın zəngin obrazlar qalereyasının parlaq inciləridir.
Hacıməmməd Qafqazlı teatrda çalışmaqla bərabər "Fətəli xan", "Bir məhəllədən iki nəfər", "Yeddi oğul istərəm...", "Şərikli çörək", «Arşın mal alan», «Qanun naminə», «Qızmar günəş altında», «Kölgələr sürünür» və s. filmlərdə çəkilib. Aktyorun son ekran işi "Mosfilm"in istehsal etdiyi "Tehran-43" filmi olub.
Teatr sənəti sahəsindəki xidmətlərinə görə 1943-cü ildə «Azərbaycan Respublikasının Əməkdar artisti» fəxri adına layiq görülüb.
Hacıməmməd Qafqazlı 1982-ci ilin sentyabrında 84 yaşında vəfat edib.
Tədbirdə çıxış edən digər ziyalılar – millət vəkili Sabir Rüstəmxanlı, şair Baba Vəziroğlu, Xalq artisləri Ağakişi Kazımov, Rafiq Əzimov, jurnalist İntiqam Mehdizadə Hacıməmməd Qafqazlının yaradıcılığı haqqında danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Sonda sənətkarın övladı – Filologiya üzrə fəlsəfə doktoru Nəzakət Qafqazlı tədbirin təşkilatçılarına və iştirakçılarına dərin təşəkkürünü bildirib.