22 may 2018-ci il
Mehdi Məmmədov – 100. Qəbrüstü ziyarət
22 may 2018-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının nümayəndələri Fəxri xiyabanda görkəmli rejissor, aktyor, teatrşünas və ictimai xadim, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Mehdi Məmmədovun məzarını ziyarət edib.
Ziyarətə gələnlər Mehdi Məmmədovun məzarı üstünə gül dəstələri qoyub, sənətkarın xatirəsini yad edib. Həyatda və sənətdə onunla təmasda olanlar sənətkar haqqında xatirələrini danışıblar.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov Mehdi Məmmədovun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən, habelə sənətkarın xarakterindəki çoxsaylı müsbət keyfiyyətlərdən söhbət açıb. O, qeyd edib ki, Mehdi Məmmədov Azərbaycan mədəniyyətinin görkəmli simalarından biridir. O, həm Akademik Milli Dram Teatrında, həm də Teatr Xadimləri İttifaqında çox böyük işlər görüb. Mehdi Məmmədovla bağlı gözəl xatirələrinin olduğunu vurğulayan Azər Paşa müəllim onun təkcə sənətkar kimi yox, eyni zamanda müəllim və insan kimi böyük mənəvi keyfiyyətlərə malik şəxsiyyət olduğunu vurğulayıb.
Mehdi Məmmədovun ailə üzvləri adından çıxış edən Əsəd Məmmədov görkəmli sənətkarın quruluş verdiyi tamaşalar, yetişdirdiyi tələbələr haqqında danışıb: “Mehdi Məmmədov öz həyatını teatrsız təsəvvür edə bilmirdi. Teatra olan sonsuz marağının nəticəsi idi ki, ruhani atasının iradəsi əleyhinə çıxıb, bu sənəti seçmişdi. Ömrünün sonuna qədər müəllim oldu, tələbələr yetişdirdi, teatrımızın inkişafı üçün əlindən gələni etdi”. Sonda Əsəd Məmmədov ziyarətə gələlərə minnətdarlığını bildirdi.