22 oktyabr 2019-cu il
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV Konfransı
22 oktyabr 2019-cu il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqının XIV Konfransı keçirildi. Konfransda Azərbaycan Respulikasının Mədəniyyət Naziri cənab Əbülfəs Qarayev, nazir müavini Vaqif Əliyev, İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov və Nazirliyin digər əməkdaşları, ölkənin müxtəlif mədəniyyət ocaqlarından 82 nəfər nümayəndə, habelə görkəmli ziyalılar, sənət adamları və media nümayəndələri iştirak etdilər.
Konfransı giriş sözü ilə Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri, Xalq artisti, professor Azər Paşa Nemətov açaraq bildirdi ki, İttifaqın Konfransına seçilmiş 84 nümayəndədən 82 nəfəri qeydiyyatdan keçib, iki nəfər üzrlü səbəbdən iştirak etmir. Qeyd etdi ki, konfransın işi 1 günə başa çatmalıdır. Qaydalara görə Mandat komissiyasının tərkibi seçildi. Nümayəndələr Vidadi Qafarovu (sədr), Hafiz Quliyevi (üzv) və Qabil Quliyevi (üzv) Mandat komissiyasına seçdilər. Sonra Konfrans iştirakçıları Teatr Xadimləri İttifaqının 5 illik fəaliyyətinə həsr olunmuş videoçarxı izlədilər.
Növbəti mərhələdə Konfransı idarə etmək üçün sədr seçildi. Konfrans nümayəndələri yekdilliklə Əməkdar incəsənət xadim, Sənətşünaslıq üzrə elmlər doktoru, professor İlham Rəhimlinin sədrliyinə səs verdilər. İlham Rəhimli sədr kürsüsündə əyləşib, iclasın reqlamentini müəyyən etmək üçün zala müraciət etdi. Təklif olundu ki, sədrin hesabat məruzəsinə 20 dəqiqə, Təftiş və Mandat komissiyalarının hesabatlarına, hərəsinə 10 dəqiqə, çıxışlara 5 dəqiqə, izahatlara 2 dəqiqə vaxt verilsin. Təklif səsə qoyuldu və qəbul edildi. Hesabat məruzəsi ilə çıxış etmək üçün söz İttifaqın Sədri, Xalq artisti, professor Azər Paşa Nemətova verildi.
Azər Paşa Nemətov çıxış edərək, Azərbaycan teatrının keçdiyi inkişaf yolundan bəhs etdi. Bildirdi ki, teatra dövlət tərəfindən daim diqqət və qayğı göstərilib, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunan “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı bunun bariz nümunəsidir. Dövlətin qayğısı, həmçinin sənət adamlarının fədakarlığı sayəsində Azərbaycan teatrı yaşayır, inkişaf edir. Məruzədə hesabat dövründə yaradıcılıq ittifaqının gördüyü işlər barədə geniş məlumat verən İttifaq Sədri görkəmli teatr xadimlərinin yubileylərinin keçirildiyini, onlarla bağlı xatirə albom-kitablarının hazırlanıb nəşr edildiyini, görkəmli teatr xadimlərinin iştirakı ilə ustad dərslərinin, eləcə də yaradıcılıq laboratoriyalarının təşkil olunduğunu diqqətə çatdırdı. O, qeyd etdi ki: “Bunlarla yanaşı, ittifaqın nəzdində müxtəlif teatrlarda çalışan rejissorlar tərəfindən tamaşalar hazırlanıb, Gürcüstan və Bolqarıstan teatrları və teatr təşkilatları ilə yaradıcılıq memorandumları imzalanıb. Sevindirici haldır ki, bu münasibətlər təkcə paytaxt Bakını yox, həm də bölgə teatrlarını da əhatə edir”. A.Nemətov habelə ATXİ-nin xətti ilə keçirilən festival və müsabiqələr barədə də ətraflı məlumat verdi. 5 illik hesabat vermək üçün növbəti söz Teatr Xadimləri İttifaqı Təftiş komissiyasının sədri, Xalq artisti Vaqif Əsədova verildi. Onun çıxışında ötən dövrdə görülmüş işlər, gəlirlər və xərclər barədə geniş məlumat verildi. Ardınca Mandat komissiyasının məlumatı dinlənildi.
İclasın sədri İlham Rəhimli “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının əhəmiyyətini qeyd edərək, proqramın həyata keçirilməsində Mədəniyyət Nazirliyinin böyük rolunun olduğunu vurğuladı. və çıxış üçün sözü Azərbaycan Respublikasının Mədəniyyət Naziri, cənab Əbülfəs Qarayevə verdi. Əbülfəs Qarayev Azərbaycanda teatr sənətinin daim dövlətin qayğısı ilə əhatə olunduğunu bildirərək teatrlarımızın yaradıcılıq fəaliyyətinin, beynəlxalq əlaqələrinin genişlənməsinin diqqət mərkəzində saxlanıldığını qeyd etdi. Nazir ötən son ildə müvafiq dövlət proqramının necə yerinə yetirildiyi barədə ətraflı məlumat verdi. Bildirdi ki, bu gün artıq qarşıdakı on il üçün milli teatr prosesinin necə gedəcəyi barədə düşünülməlidir: “Peşəkar teatr bundan sonra necə inkişaf edəcək, milli irs, dəyərlər, adət-ənənələr bu sənətdə necə qorunacaq, eksperimentlər necə aparılacaq kimi suallara cavab vermək, bütün bunların növbəti on il ərzində işləyəcək teatr proqramında əks etdirilməsi barədə düşünmək və həyata keçirilməsi üzərində çalışmaq lazımdır”. “Teatr cəmiyyətin aynasına çevrilməlidir” deyən nazir Əbülfəz Qarayev Teatr Xadimləri İttifaqının hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab etdiyini bildirdi. Sonra hesabat məruzəsi ətrafında çıxışlar oldu.
Bakı Xoreoqrafiya Akademiyasının professoru Rafiq Sadıqov, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, dramaturq Əli Əmirli, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin məsul işçisi, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının rejissoru və aktyoru, Xalq artisti Kamran Quliyev, Lənkəran Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Qabil Quliyev, Əməkdar artist Azad Şükürov, Xalq artisti Cənnət Səlimova, teatrşünas Dağlar Yusifov hesabat məruzəsi ətrafında çıxış edərək İttifaqın Sədrinin və Təftiş komissiyasının hesabatını müsbət qiymətləndirdilər. Fasilədən sonra Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri, İdarə heyətinin üzvləri, habelə Təftiş komissiyasının tərkibi ilə bağlı səsvermə keçirildi. Açıq səsvermə yolu ilə Xalq artisti, professor Azər Paşa Nemətov yekdilliklə Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri seçildi.
Sonra Vaqif Əsədov (sədr), Hafiz Quliyev (üzv) və Tərlan Rəsulov (üzv) Təftiş komissiyasına seçildilər.
AzTXİ Sədrinin müavinlərini və İdarə heyətinin tərkibini elan etmək üçün tribunaya qalxan Azər Paşa Nemətov əvvəlcə etimada görə konfrans nümayəndələrinə minnətdarlığını bildirdi: “Sizin etimadınız o deməkdir ki, mənim həyatım boş keçməyib”. Hacı İsmayılov və Rafiq Əliyev Sədrin müavinləri, Hacı İsmayılov, Rafiq Əliyev, Cənnət Səlimova, Siyavuş Kərimi, Azər Zeynalov və İlham Rəhimli yekdilliklə İdarə heyətinin üzvü seçildilər. Konfransın qərar layihəsini Xalq artisti Nurəddin Mehdixanlı, Konfrans nümayəndələrinin bəyannaməsini Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov oxudu. Bununla da Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı öz işini başa çatdırdı.