5-6 noyabr 2018-ci il
"XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası" adlı V Bakı Beynəlxalq Teatr Konfransı
5-6 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə "XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası" adlı V Bakı Beynəlxalq Teatr Konfransı keçirildi. Konfransın məqsədi müasir dünya teatrının aktual problemlərinə mədəniyyətlərarası dialoq kontekstində işıq salmaq, “sərhədsiz teatr” ideyasını aksentləşdirmək, həmçinin Azərbaycan teatr məkanına düşüncə və informasiya axınını bərpa etməkdir.
Azərbaycan Dövlət Musiqili Teatrında keçirilən tədbirdə dünyanın 40-dan çox ölkəsindən gəlmiş teatr xadimləri iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində ötən beynəlxalq teatr konfranslarından bəhs edən fotosərgi və Milli Kitabxana tərəfindən təşkil edilən kitab sərgisi ilə tanış oldular. Tədbirin açılış mərasimində Beynəlxalq Teatr Konfransının tarixini, Azərbaycan teatrının şanlı keçmişini əks etdirən videomaterial nümayiş olundu. Sonra "British Council Azerbaijan" təşkilatının "Unlimited" proqramı çərçivəsində əlilliyi olan insanlardan təşkil olunmuş inklüziv truppa səhnədə çıxış etdi. Truppanın təqdim etdiyi göstəri sosiumda fiziki məhdudiyyətli şəxslərin üzləşdiyi problemləri aksentləşdirirdi.
Azərbaycan Respublikası Prezident Administrasiyasının humanitar siyasət şöbəsinin müdiri Fərəh Əliyeva tədbir iştirakçılarını salamlayaraq Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu oxudu.
Mədəniyyət Naziri Əbülfəs Qarayev öz çıxışında ölkəmizdə iki ildən bir gerçəkləşən konfransın əhəmiyyətindən danışdı. O, bildirdi ki: “Konfrans Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı"na əsasən keçirilir. Builki konfransda 120 xarici qonaq iştirak edir. Məruzəçilər arasında nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri yer alır. Müxtəlif ölkələrdən teatr xadimlərinin yenidən bir araya gəlməsi və belə bir tədbirin Bakıda keçirilməsi bizdə qürur hissi doğurur.
Azərbaycan dövləti teatr sənətinin inkişafına böyük diqqət yetirir. Teatrımız XXI əsrdə yeni mərhələyə qədəm qoyub. Teatrlarımız dünyanın ən məşhur festivallarında uğurla çıxış edir. Ölkəmizdə həyatın bütün sahələri kimi, mədəniyyət sahəsinə də xüsusi qayğı var. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizə keçirilən beynəlxalq tədbirlər, forumlar, konfranslar, beynəlxalq yarışlar, reallaşdırılan layihələr ümumilikdə dövlətimizin daha yaxından tanınmasına xidmət edir... ...Bizim teatr sənətimizin bir əsrdən çox yaşı var. Təkcə Bakıda deyil, bölgələrdə olan teatrlarımız da yeni inkişaf yoluna qədəm qoyub. Bu yaxınlarda Sumqayıt Dövlət Teatrı və Mingəçevir Dövlət Dram Teatrı 50 illiyini qeyd etdik.
Bu gün Azərbaycan ərazisinin 20 faizi Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunub. Həmin yerlərdə teatr binaları, incəsənət, mədəniyyət abidləri, çoxsaylı tarixi abidlər dağıdılıb. Bu gün Ağdam, Füzuli, Şuşa, İrəvan teatrları qaçqın taleyi yaşayır və öz mövcudluqlarını qoruyub saxlamaq üçün bütün çətinliklərə sinə gərir. Biz xalqımıza məxsus bütün mədəni dəyərləri qorumağa, ona sahib çıxmağa çalışmalıyıq. Builki konfransın əvvəlkilərdən fərqləndiyini diqqətə çatdıran Nazir deyib ki, konfrans iştirakçıları "YARAT" Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə keçiriləcək beynəlxalq M.A.P festivalında da iştirak edəcəklər”.
Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov, Beynəlxalq Teatr İnstitutunun (BTİ) prezidenti Məhəmməd Ələfxam, UNESCO-nun Sülh Artisti Əli Mahdi, Beynəlxalq Kukla Teatrları İttifaqının (UNIMA) kommunikasiya və ictimai əlaqələr üzrə komissiyasının sədri Katarina Klançnik-Kokutar, GİTİS Universitetinin rektoru Qriqori Zaslavskinin , Beynəlxalq Uşaq və Gənclər Teatrları Assosiasiyasının (ASSITEJ) prezidenti İvet Hardi çıxış edərək konfransın əhəmiyyətindən danışıb, dünya teatrlarının bir araya gəlməsi və qarşılıqlı fikir mübadiləsi baxımından önəmini vurğulayıblar.