03 noyabr 2023-cü il
Səmərqənd Dövlət Musiqili Dram Teatrının yaradıcı heyəti Azərbaycan Teatr Xadimləri İttifaqının qonağı oldu.
İttifaq Sədrinin vəzifə səlahiyyətlərini icra edən Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov və İttifaqın kollektivi qonaqları səmimi şəraitdə qarşıladılar. Hacı İsmayılov özbəkistanlı aktyorları Azərbaycanda görməkdən məmnunluq duyduğunu bildirdi.
O, qonaqlara 150 yaşlı Azərbaycan teatrının keçdiyi zəngin inkişaf yolundan, milli teatrdan 27 il sonra yaranmış Azərbaycan Teatr Xadimləri İttifaqından danışdı, onları İttifaqın binası ilə, burada sənət adamları üçün, xüsusən gənclər üçün yaradılan şəraitlə tanış etdi.
Görüşdə Özbəkistan Respulikasının Əməkdar artistləri Baxtiyar Rahimov, Mehri Hakimova, Solican Hakimov, Mehnat Şohreti ordenli İskandar Sultanov, Şohret medalı laureatı Gulistan Cabbarova, Səmərqənd Dövlət Musiqili Dram Teatrının aktyorları - Abdulaziz Toştemirov, Turdimurad Xudaverdiyev, Gözəl Kurbanova, Şohsanam Obloqulova, Behruz Qurbonaliyev, Sarvinaz Saitova, Xusen Mahmudov və Azərbaycan Respublikasının Əməkdar artisti Sərvər Əliyev İttifaqın Fəxri fərmanları ilə təltif olundular. Qonaqlar səmimi qəbula və təltiflərə görə Azərbaycan Teatr Xadimləri İttifaqına dərin minnətdarlıqlarını bildirdilər.