27 may 2021-ci il
Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanlarının təqdimatı
28 May - Respublika Günü münasibətilə bir qrup mədəniyyət xadiminə Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanları təqdim olunub.
Mərasimi giriş sözü ilə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov açaraq iştirakçıları salamlayıb. Sonra o, milli teatr sənətimizin inkişafından və qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə mədəniyətin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun qazandığı tarixi Qələbədən söz açan Azərbaycan Teatr Xadimləri İttifaqının sədri deyib ki, bu gün keçirilən tədbirlər əvvəlkilərdən çox fərqlənir. Ona görə fərqlənir ki, torpaqlarımız işğaldan azad edilib və bundan sonra Şuşada, Ağdamda, Füzulidə olan teatrlarımız bərpa ediləcək və doğma torpaqlarında fəaliyyətlərini davam etdirəcəklər.
Şuşada keçirilən möhtəşəm “Xarıbülbül” musiqi festivalında iştirakından qürur duyduğunu söyləyən Azər Paşa Nemətov keçirdiyi hissləri və festivalla bağlı təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb: “Həmişə zəngin mədəni həyatı ilə məşhur olmuş Şuşa milli poeziya və musiqinin beşiyidir. Şuşada keçirilən möhtəşəm “Xarıbülbül” musiqi festivalı Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbənin davamı olan daha bir uğur hekayəsi kimi səciyyələndirilməlidir. Festivalda maraq doğuran məqamlardan biri də “Xarıbülbül”ün Azərbaycanda yaşayan müxtəlif xalqların, millətlərin, etnik qrupların nümayəndələrini əhatə etməsi idi. Bu festivalda nələr duyulmadı, hansı hisslər baş qaldırmadı. Səslənən hər bir musiqi parçasından xəyalən Vətən torpağının seyrinə daldıq, ruhumuz pərvazlandı, azərbaycanlı olmağın ən xoş anlarını yaşadıq...”
Sonra bir qrup mədəniyyət xadiminə milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanları təqdim edilib. Gənc Tamaşaçılar Teatrından əməkdar artist Gülər Nəbiyeva, Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar artisti İlham Əsədov, teatrın aktyorları Aygün Fətullayeva, Səbinə Məmmədova, Ramil Məmmədov, Opera və Balet Teatrının solisti, Əməkdar artist Raziyə Şirinova, Akademik Musiqili Teatrın rəssamı Nabat Səmədova, Sumqayıt Dram Teatrının aktyoru Vaqif Səmədzadə, Marionet Teatrından Həsən Yaqubov və Hikmət Hacıyev İttifaqın Fəxri Fərmanları ilə təltif ediliblər. Mükafata layiq görülənləri təbrik edən Azər Paşa Nemətov onlara yeni yaradıcılıq axtarışlarında uğurlar arzulayıb.
Təltif olunanlar İttifaqın rəhbərliyinə və kollektivinə minnətdarlıqlarını bildiriblər. Səmimi çıxışlar edən tədbir iştirakçıları xatirələrini, düşüncə və təəssüratlarını bölüşüblər.
Tədbirin yekununda xatirə şəkli çəkilib.