10 oktyabr 2014-cü il
Xalq Yazıçısı İlyas Əfəndiyevin 100 illiyi münasibəti ilə çap olunmuş kitabın təqdimat mərasimi.
Azərbaycan Teatr Xadimləri İttifaqında 10 oktyabr 2014-cü il saat 14.00-da Xalq Yazıçısı İlyas Əfəndiyevin 100 illiyi münasibəti ilə çap olunmuş kitabın təqdimat mərasimi keçirildi.
Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı, dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi tamam olmuşdur.
Azərbaycan Teatr Xadimləri İttifaqı bu münasibətlə «Ömrün səhifələri» seriyasından yeni kitabını çap etdirmişdir. Kitab «Elm və təhsil» nəşriyyatında nəşr olunmuşdur. Teatr Xadimləri İttifaqı ötən illərdə də xalq artistləri Şəmsi Bədəlbəyli, Məhərrəm Haşımov və SSRİ xalq artisti Hökümə Qurbanova kimi böyük sənətkarların 100 illik yubileyləri münasibəti ilə bu seriyadan kitablar nəşr etdirmişdir.
Təqdimatı keçirilən bu kitab üç dildə – azərbaycan, rus və ingilis dillərində hazırlanmışdır. Kitabın müəllifi sənətşünaslıq doktoru, professor Məryəm Əlizadədir.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, professor Azər Paşa Nemətov kitaba ön söz yazmışdır. Kitabda müəllif mətnindən başqa dramaturq haqqında ümumilli lider Heydər Əliyevin, görkəmli ədəbiyyatşünasların və yazıçının sənət dostlarının ürək sözləri, İ.Əfəndiyevin həyati şəkilləri, əsərlərinin tamaşalarından şəkillər geniş yer almışdır. Kitabın üz qabığında əməkdar rəssam İsmayıl Məmmədovun çəkdiyi şəkildən istifadə olunmuşdur.
Bu nəfis kitab ilk dəfə Parisdə, YUNESKO-da İlyas Əfəndiyevin 100 illiyi münasibəti ilə Azərbaycanın görkəmli sənətkarlarının iştirakı ilə keçirilmiş təntənəli tədbirdə təqdim olunmuşdur.
İlyas Əfəndiyevə həsr olunmuş kitabın təqdimat mərasimini giriş sözü ilə xalq artisti, professor Azər Paşa Nemətov açaraq yazıçının həyat və yaradıcılığına qısa ekskurs etdi və sözü tədbirin aparıcısı, xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılova verdi. Hacı İsmayılov İlyas Əfəndiyevlə bağlı xatirələrini danışıb, sözü qocaman rejissor, xalq artisti Ağakişi Kazımova verdi.
Növbəti çıxışçılar – xalq artistləri Mərahim Fərzəlibəyov, Məleykə Əsədova İlyas Əfəndiyevi xoş sözlərlə xatırladılar.
Aktrisa Zərnigar Ağakişiyeva, Kübrabəyim Əliyeva çıxış edərək İlyas Əfəndiyevlə olan görüşlərindən danışdılar.
Tədbirin axırında kitabın müəllifi, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə mərasimə toplaşan çoxsaylı tamaşaçıları kitabın yazılma və materialların toplanma prosesi ilə tanış edib, İlyas Əfəndiyev dramaturgiyasının müasirliyindən danışıb, Teatr Xadimləri İttifaqına və onun sədri Azər Paşa Nemətova dərin minnətdarlığını bildirdi.
Tədbirin sonunda yenə söz Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətova verildi və o, İlyas Əfəndiyev dramaturgiyasından və quruluş verdiyi «Boy çiçəyi» tamaşasından danışdı.
Beləliklə, görkəmli dramaturq İlyas Əfəndiyevin 100 illiyinə həsr olunmuş «Ömrün səhifələri» seriyasından kitabın təqdimat mərasimi sona çatdı. Tədbir iştirakçılarına təqdimatı keçirilən kitab hədiyyə verildi.