5 aprel 2019-cu il
«Medeya Evripidə qarşı» tamaşası
2018-ci il noyabrın 14-də Azərbaycan Teatr Xadimləri İttifaqı və Gürcüstan Teatr Cəmiyyəti arasında imzalanmış mədəni əlaqələrin inkişafına dair Memorandum çərçivəsində 5 aprel 2019-cu il tarixdə Akademik Milli Dram Teatrının səhnəisndə Gürcüstanın Mesxeti Dövlət Dram Teatrının “Medeya Evripidə qarşı” tamaşası təqdim olundu. Teatrın bədii rəhbəri Liya Suluaşvilidir.
Janri Kaşianın eyniadlı əsəri əsasında rejissor Georgi Şalutaşvilinin quruluş verdiyi “Medeya Evripidə qarşı” tamaşasının bəstəkarı Aleksey Turiaşvili, səhnə tərtibatçısı Lela Peradze, geyim üzrə rəssamı Nana Koranaşvili, xoreoqrafı Tamta Tavdişvilidir. Tamaşanın xronometrajı 1 saat 10 dəqiqədir.
Tamaşadakı hadisələr kiçik əyalət şəhərlərinin birindəki teatrda baş verir. Burada Evripidin "Medeya" əsəri tamaşaya qoyulur. Premyera gününün bəlli olduğu tamaşada baş rolun - Medeyanın iştirakçısı olan aktrisa ilə rejissor arasında fikir ayrılığı yaranır, bu da işin gedişatına maneçilik törədir.
Gürcüstan və Azərbaycan respublikalarının mədəni əlaqələrinin inkişafında irəliləyişə səbəb olan tamaşa teatr mütəxəssisləri və tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandı.