Sədr müavini / İdarə heyətinin üzvləri
HACI İSMAYILOV
İsmayılov Hacı Məcid oğlu 22 yanvar 1944-cü ildə Bakıda doğulub. 190 nömrəli orta məktəbdə təhsil alıb.
1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub, 1968-ci ildə institutu bitirib
2 sentyabr 1968-ci ildən Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. Bu teatrda M.F.Axundovun "Müsyö Jordan və Dərviş Məstəlişah" komediyasında Dərviş Məstəlişah, C.Patrikin "Qəribə missis Səvic" dramında Ceffi, A.Papayanın "Bəli, dünya dəyişib" komediyasında Səməndər, C.Cabbarlının "Sevil" pyesinin tamaşasında Məmmədəli bəy rolunda çıxış edib.
1970-ci il fevral ayının 16-dan Akademik Milli Dram Teatrında çalışır.
Hacı İsmayılovun yaradıcılığı xarakterik sənətkarlıq xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Akademik teatrda oynadığı əllidən çox rolun böyük bir qismi məhz həmin üslubdadır.
Aktyor "Azərbaycanfilm" kinostudiyasında ilk dəfə "Ad günü" filmində Mustafa rolunda çəkilib, bu rolla böyük uğur qazanıb və 1980-ci ildə "Dövlət mükafatı"na layiq görülüb.
Görkəmli teatr və kino aktyoru Hacı İsmayılov sənətdə qazandığı nailiyyətlərə görə 17 may 1989-cu ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" və 18 dekabr 2000-ci ildə "Xalq artisti" fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalına layiq görülüb.
Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə "Şöhrət" Ordeni ilə təltif olunub.