23 fevral 2017-ci il
Görkəmli rejissor, Xalq Artisti Lütfi Məmmədbəyovun 90 illik yubileyi ilə əlaqədar anım günü
23 fevral 2017-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə görkəmli rejissor, Xalq Artisti Lütfi Məmmədbəyovun 90 illik yubileyi ilə əlaqədar anım günü keçirilmişdir.
Akademik Milli Dram Teatrında keçirilən tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının nümayəndələri, görkəmli sənət adamları, ziyalılar iştirak etmişlər.
İştirakçılar teatrın foyesində Teatr Xadimləri İttifaqı tərəfindən təşkil olunmun fotosərgi ilə tanış olmuşlar. Tədbiri giriş sözü ilə Xalq Artisti, Professor Azər Paşa Nemətov açmışdır. O, iştirakçıları salamlamış, Lütfi Məmmədbəyovun yüksək sənətkarlığından, xarakterindəki çoxsaylı müsbət keyfiyyətlərdən söz açmış və sözü Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyevə vermişdir.
Ədalət Vəliyev Lütfi Məmmədbəyovun professional bacarıqlarından, qayıkeşliyindən, təvazökarlığından söz açmış, sənətkarla bağlı xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdür. Sonra söz tədbirin aparıcısı Xalq Artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılova verilmişdir.
Hacı İsmayılov Lütfi Məmmədbəyovun bioqrafiyası haqqında danışdıqdan sonra sözü qonaqlara vermişdir. Tədbirdə çıxış edənlər – Xalq artistləri Əminə Yusifqızı, Məleykə Əsədova, Ramiz Məlikov, Bəsti Cəfərova, İlham Namiq Kamal sənətkarı xoş xatirələrlə yad etmişlər. Müğənni Samirə Allahverdi həzin bir mahnı ilə Lütfi Məmmədbəyovun ruhuna ehtiramını bildirmişdir.
Tədbirdə Lütfi Məmmədbəyovun həyat və yaradıcılığından bəhs edən fotoçarx və videofraqmentlər nümayiş olunmuşdur.
Sənətkarın oğlu İlham Məmmədbəyov tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirmişdir. Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirmişlər.