5 dekabr 2017-ci
Sona Haciyeva Azərbaycan teatr və kinosunda
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə 25 dekabr 2017-ci il tarixdə görkəmli teatr və kino aktrisası, Xalq artisti Sona xanım Hacıyevanın 110 illiyinə həsr olunmuş xatirə günü keçirilmişdir. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Teatr Xadimləri İttifaqının nümayəndələri, görkəmli elm, incəsənət xadimləri, media nümayəndələri və sənətkarın ailə üzvləri iştirak etmişlər. İştirakçılar Sona Hacıyevanın ömür yoluna həsr olunmuş fotosərgi ilə tanış olmuşlar.
Tədbiri giriş sözü ilə Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azər Paşa Nemətov açmışdır. O, Sona xanımın zəngin yaradıcılıq yolundan söz açmış, onun uzun illər müasir və klassik dramaturqların əsərlərinin tamaşalarında yaratdığı diqqət cəlb edən obrazlardan danışmışdır.
Aparıcı – Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov Sona xanımın ömür yolu haqqında danışmış və sözü çıxış edənlərə vermişdir.
Çıxış edənlər – Xalq artistləri Ağakişi Kazımov, Rafiq Əzimov, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rafiq Sadıxov, Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə Sona xanımın səhnə qabiliyyətindən, genetik fitri istedadından, dövrünün görkəmli aktyorları ilə tərəf-müqabil olmasından, anası Əzizə xanım Məmmədovanın sənətindən söhbət açmış, onun müxtəlif xarakterli obrazları böyük ustalıqla yaratmasından danışmışlar.
Tədbirdə Sona Hacıyevanın yaradıcılığına həsr olunmuş video və foto çarxlar təqdim olunmuş, Opera və Balet Teatrının solisti Taleh Yəhyayev «Sevil» və «Koroğlu» operalarından ariyalar ifa etmişdir.
Sonda sənətkarın ailəsi adından qohumu Vaqif Əhmədov tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirmişdir.