25 may 2017-ci il
Rövşən Ağayevin «Sonluğun sonu» monodramının premyerası.
25 may 2017-ci il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində Rövşən Ağayevin «Sonluğun sonu» monodramının premyerası oynanılmışdır. Premyerada ölkənin tanınmış incəsənət xadimləri, ziyalılar, media nümayəndələri iştirak etmişlər.
Psixoloji dram janrında hazırlanmış mono-tamaşanın quruluşçu rejissoru və rəssamı Asiman Ağa Rövşən, ifaçı Güşvər Şərifovadır.
Tamaşanın gedişatından hiss olunur ki, gənc rejissor Asiman Ağa Rövşən əsərin hazırlanmasına bütün səy və bacarığını sərf etmişdir.
İstedadlı aktrisa Güşvər Şərifovanın inandırıcı ştrixlərlə təqdim etdiyi tənha, qoca və xəstə qadının bir günlük yaşam tərzini, onun acı etiraflarını böyük maraqla izləyən teatrsevərlər tamaşanı alqışlarla qarşılamışlar. Zəngin səhnə dekorasiyası tamaşanın daha baxımlı olmasını təmin etmişdir.
Sonda İttifaqın gənclərə dəstəyi istiqamətində bu uğurlu fəaliyyəti tamaşaçılar tərəfindən yüksək qiymətləndirilmiş, gələcəkdə də belə işlərin davamlı olaraq həyata keçirilməsi arzulanmışdır.