27 may 2025-ci il
Rəsul Rzanın 115 illiyi münasibəti ilə, “Vəfa” pyesi əsasında tamaşasının premyerası oynanıldı
Bakı Bələdiyyə Teatrının, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Rəsul Rzanın 115 illiyi münasibəti ilə, dramaturqun “Vəfa” pyesi əsasında səhnələşdirdiyi eyniadlı tamaşasının premyerası oynanıldı.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutan premyeradan öncə millət vəkili Rafael Hüseynov çıxış edərək Rəsul Rzanın yaradıcılıq yolundan, onun Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrdən danışdı. Çıxışdan sonra tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov "Rəsul Rza mükafatı" ilə təltif olundu.
Böyük maraqla izlənilən “Vəfa” tamaşası tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Tamaşadan sonra Azərbaycan Yazıçılar Birliyin sədri, Xalq yazıçısı Anar Rzayev və Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov səhnə arxasına keçərək Bələdiyyə Teatrının kollektivi ilə görüşdülər.
Yaradıcı heyətlə səmimi söhbət edən Anar Rzayev və Hacı İsmayılov onları premyera münasibəti ilə təbrik etdilər və yeni yaradıcılıq uğurları arzuladılar. Sonda xatirə şəkilləri çəkildi.