5-6 mart 2019-cu il
«Boş məkanın dolğunluğu» festivalının 5-ci və 6-cı günlərində oynanılan tamaşalar
«Boş məkanın dolğunluğu» festivalı davam edir.
Festivalın 5-ci və 6-cı günlərində «Qara oyun», «Lənkəran xanının vəziri», «Kərgədan buynuzu» və «Mən axtarışında» tamaşaları oynanılıb.
5 mart caat 14:00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin ifasında Ə.Haqverdiyevin «Yeyərsən qaz ətini, görərsən ləzzətini» komediyası əsasında hazırlanmış «Qara oyun» tamaşası göstərildi.
Tamaşaya kursun rəhbəri, Xalq artisti Məmmədsəfa Qasımov quruluş verib.
Az.TXİ-nın kiçik səhnəsində oynanılan tamaşada rolları 4-cü kurs Dram teatrı və kino aktyorluğu ixtisasının tələbələri ifa etdilər. 5 mart saat 18:00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri M.F.Axundzadənin eyniadlı komediyası əsasında hazırlanmış «Lənkəran xanının vəziri» tamaşasını təqdim etdilər. Tamaşaya kursun rəhbəri, Əməkdar artist Gülşad Baxşıyeva quruluş verib. 4-cü kurs Dram teatrı və kino aktyorluğu ixtisası tələbələrinin iştirak etdiyi tamaşa Az.TXİ-nın böyük səhnəsində oynanıldı.
6 mart saat 14:00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri M.İbrahimbəyovun «Kərgədan buynuzu» əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşanı təqdim etdilər.
ADMİU-nun Ədəbiyyat və dillər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın layihəsi əsasında hazırlanan tamaşada Teatr sənəti fakültəsinin Teatr və kino aktyoru ixtisasının rus bölməsi üzrə 2-ci və 4-cü kurs tələbələri iştirak ediblər. Tamaşa Rus Dram Teatrının səhnəsində göstərildi.
6 mart saat 19.00-da «SAFAT» teatrı İ.Netanyahunun «Məna axtarışında» tamaşasını təqdim etdi. Yəhudi dramaturqu İdo Netanyahunun əsəri əsasında hazırlanan tamaşa loqoterapiyanın banisi psixoloq Viktor Franklinin həyatından bəhs edir. İlqar Safatın quruluşunda hazırlanan tamaşa Az.TXİ-nın böyük səhnəsində göstərildi. Rollarda Xalq artistləri Lyudmila Duxaovnaya, Məbud Məhərrəmov, aktyorlar Azər Aydəmir və Rumiyə Ağayeva çıxış etdilər.
Tamaşadan sonra 3 gün ərzində baxılan tamaşalar müzakirə olundu. Müzakirədə Vidadi Qafarov, Dağlar Yusifov, Samirə Behbudqızı, Xalq artisti Məbud Məhərrəmov və digərləri çıxış edib, tamaşalara münasibət bildirdilər.