1 mart 2019-cu il
"Boş məkanın dolğunluğu" II Eksperimental Tamaşalar Festivalı başladı
1 mart 2019-cu il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə görkəmli rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunmuş «Boş məkanın dolğunluğu» II Eksperimental Tamaşalar Festivalına start verildi. Müxtəlif məkanlarda reallaşan festivalda 10 teatr kollektivi 18 tamaşa ilə çıxış edəcək.
Festivalın açılış mərasimindən əvvəl Vaqif İbrahimoğlunun qəbri ziyarət olundu. Festivalın açılışı Vaqif İbrahimoğlunun yaratdığı və uzun illər rəhbəri olduğu «Yuğ» Dövlət Teatrında (Neftçilər prospekti, 36) keçirildi.
Festival 9 gün davam edəcək. Festivalın tamaşaları Rus Dram Teatrı, Azərbaycan Teatr Xadimləri İttifaqı, «Yuğ» Dövlət Teatrı, Akademik Milli Dram Teatrı və Gənc Tamaşaçılar Teatrının səhnəsində göstəriləcək. Tamaşalar 16 nəfərdən ibarət Ekspert Şurası tərəfindən müzakirə olunacaq. Nəticələr 10 Mart – Milli Teatr günündə elan olunacaq.
Festivalın birinci günü - 1 mart tarixində YUĞ Dövlət Teatrı A.B.Kasaresin "Qəbir qazma üsulu" tamaşasını təqdim etdi. A.B.Kasaresin əsəri əsasında hazırlanan tamaşanın rejissoru Gümrah Ömərdir. Tərcüməçi və səhnələşdirmənin müəllifi Gümrah Ömər, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibatçısı Ramiq Mehdi və Mələk Vəlizadə, rejissor assistenti Aytən Məmmədovadır. Tamaşada rolları Əməkdar artistlər Sonaxanım Mikayılova, Vidadi Həsənov, aktyorlar Oqtay Mehtiyev və Mətanət Abbaslı ifa edirlər.
1 martda YUĞ Teatrının təqdim etdiyi növbəti tamaşa S.Haqverdiyevanın “Metamorfoza” tamaşasıdır. Tamaşanın quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur. Səhnə əsərində rolları Zümrüd Qasımova, Oqtay Mehtiyev və Elgün Həmidov ifa edirlər.
Festivalın ikinci günü - 2 martda YUĞ Teatrı “Medeya. Sekvensiya – 01”tamaşasını təqdim etdi. Tamaşa V.Klimin əsəri əsasında rejissor Mikayıl Mikayılov tərəfindən hazırlanıb. Rolları Əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova ifa edirlər. Apokrifik etiraf janrında hazırlanan tamaşanın quruluşçu rəssamı Umay Həsənova, geyim üzrə rəssamı Leyla Əliyevadır.
2 martda təqdim olunmuş növbəti tamaşa YUĞ Dövlət Teatrının “Quş dili” tamaşasıdır. Əsərin müəllifi Təranə Vahid, rejissor Əbdülqəni Əliyevdir. Rolları Qasım Nağı, Natəvan Qeybani, Təranə Ocaqverdiyeva, Elgün Həmidov və İlahə Məmmədzadə ifa edirlər. Səhnə əsərinin quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur. Yuğ Teatrının festival çərçivəsində oynadığı bütün tamaşalar teatrın öz ünvanında (Kukla Teatrının binası. Neftçilər prospekti 36) nümayiş olundu.