>
previous arrow
next arrow
Slider
 

İdarə heyətinin üzvləri

İdarə heyətinin üzvləri

CƏNNƏT SƏLIMOVA

Cənnət Əlibəy qızı Səlimova 20 yanvar 1940-cı ildə Bakıda anadan olmuşdur. 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1962-1967-ci illərdə o, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun "Dram rejissorluğu" fakültəsini bitirmişdir.

C.Səlimova 1967-ci ildən 1982-ci ilə kimi S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında rejissor, 1982-ci ildən 1991-ci ilədək həmin teatrda baş rejissor vəzifəsində işləmişdir. Bu teatrda çalışdığı müddətdə C.Səlimova bir çox əsərlərə yaddaqalan quruluşlar vermişdir. Onlardan F.M.Dostoyevskinin "Cinayət və cəza", "Əbləh", A.P.Çexovun "Vanya dayı", İvanov", C.Cabbarlının "Aydın", H.Cavidin "Şeyx Sənan" və s. tamaşaları göstərmək olar.

1991-ci ildən 2010-cu ilədək C.Səlimova yaratdığı Bakı Kamera Teatrının bədii rəhbəri olmuş, 2011-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına baş rejissor təyin edilmişdir. Bundan əlavə rejissor Dövlət Musiqili Komediya Teatrında bir çox tamaşalar hazırlamışdır. Ü.Hacıbəylinin "O olmasın, bu olsun", İ.Kalmanın "Silva", "Maritsa", F.Ledar "Şən dul qadın" tamaşalarına səhnə həyatı vermişdir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Payatsı" (R.Leonkovallo), "Traviata" (C.Verdi), "Boqema" (C.Puççini) kimi operaları səhnəyə qoymuşdur.

Eyni zamanda pedoqoji fəaliyyətlə məşğul olan C.Səlimova uzun müddətdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

Cənnət Səlimova "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adına layiq görülmüş, "Şərəf nişanı" ordeni və "Şöhrət" ordeni ilə təltif edilmişdir.

 

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı