>
previous arrow
next arrow
Slider
 

Sədr

Sədr

Azər Paşa Nemətov 

 

13 avqust 1947-ci ildə Bakıda, görkəmli teatr rejissoru, Əməkdar incəsənət xadimi Zəfər Nemətovun ailəsində anadan olmuşdur.

1970-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Teatr rejissoru» fakültəsini, SSRİ Xalq artisti Mehdi Məmmədovun kursunu bitirmişdir.

Yaradıcılıq fəaliyyətinə 1972-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından başlayan rejissor həmin teatrda müxtəlif illər ərzində rejissor assistenti, quruluşçu rejissor, baş rejissor, bədii rəhbər vəzifələrində çalışmış, bu teatrın inkişafında çox böyük xidmətlər göstərmişdir.

A.Z.Nemətov 1974-76-cı illərdə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Leninqrad Dövlət Gənc Tamaşaçılar Teatrında iki il rejissor-stajor vəzifəsində çalışmış, daha sonra dəfələrlə Yunanıstan, Türkiyə, Rusiya, Gürcüstan kimi ölkələrdə teatr festivallarında, konfranslarda və digər teatr forumlarında iştirak etmişdir.

1990-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan rejissorun bu teatrda hazırladığı tamaşalar öz orijinallığı, yeniliyi ilə fərqlənmiş, teatr mühitində əks-səda doğurmuş, teatr ictimaiyyətinin böyük marağına səbəb olmuşdur.

Azər Paşa Nemətov öz yaradıcılığında müasir dünya avanqard teatrının və Azərbaycan milli teatrının xüsusiyyətlərini ustalıqla birləşdirir. Qeyri-adi yaradıcı düşüncəyə, yuksək bədii zövqə malik olan rejissorun quruluş verdiyi tamaşalar nəinki Azərbaycanda, habelə ölkəmizin hüdudlarından kənarda, o cümlədən Daşkənddə, Tbilisidə, Moskvada keçirilən beynəlxalq teatr festivallarında, həmçinin Türkiyədə keçirilən Qara dəniz ölkələri festivalında və Osmanlı dövlətinin yaranmasının 700 illiyinə həsr olunmuş I Türk dünyası teatrları festivalında uğurla göstərilmiş və yüksək mükafatlara layiq görülmüşdür.

Güclü musiqi duyumu ilə yanaşı, yüksək rəssamlıq istedadına malik olan rejissor ölkəmizin müxtəlif teatrlarında və həmçinin keçmiş sovetlər birliyinin müxtəlif şəhərlərində quruluş verdiyi çox sayda yüksək səviyyəli tamaşalarda həm də istedadlı rəssam kimi şöhrətlənmişdir. Onun əsərləri teatr rəssamlarının Ukraynada keçirilən sərgisində və Azərbaycanda keçirilən teatr rəssamlarının I biyennal sərgisində nümayiş etdirilmişdir.

Azər Paşa Nemətov İttifaqa rəhbərlik etdiyi müddət ərzində bir sıra festivalların, yubileylərin və digər teatr tədbirlərinin təşkilinə müvəffəqiyyətlə rəhbərlik etmişdir. Onun rəhbərliyi dövründə Az.TXİ ölkənin teatr həyatında mühüm rol oynayan təşkilata çevrilmişdir.

Teatr sənəti sahəsində xidmətlərinə görə ona 1987-ci ildə «Əməkdar incəsənət xadimi», 2002-ci ildə «Xalq artisti» fəxri adları verilmişdir. 1997-ci ildə «Humay» milli ictimai mükafatına, 1998 və 2003-cü illərdə «Qızıl Dərviş» mükafatına, 2007-ci ildə «Şöhrət ordeni»nə layiq görülmüşdür.

 

 

 

 

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı