Rza Təhmasib

Rza Təhmasib

(1894 - 1980)

Azərbaycan kinorejissoru, aktyor və pedaqoq.

Rza Təhmasib Azərbaycan teatr və kino sənətinin korifeylərindən idi. Milli teatrımızın inkişaf edib formalaşmasında bu böyük sənət fədaisinin xidmətləri əvəzsizdir. Onun genişmiqyaslı rejissorluq, aktyorluq fəaliyyəti bütöv bir əsrin sənət tarixinin unudulmaz səhifələrini təşkil edir.

1952-56- ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin sədri olmuşdur.

Rza Abbasqulu oğlu 20 aprel 1894-cü ildə Naxçıvanda, mədəniyyəti və elmi yüksək qiymətləndirən bir ailədə doğulub. İlk təhsilini Naxçıvanda alıb və doğma dillə yanaşı, rus dilini mükəmməl öyrənib. Səhnəyə də ilk dəfə 1907-ci ildə məktəbdə hazırlanan Nikolay Qoqolun "Ölü canlar"ında Çiçikov rolunda çıxıb. Tamaşa rusca oynanılıb. Taninmiş tacir olan, Türkiyə, İran, İrəvan, Tiflis ilə alış-veriş əlaqələri qurmuş atasi Abbasqulu bəy 1910-cu ildə oğlunu Tiflisə oxumağa yollayıb. Gənc Rza burada səkkizillik ticarət məktəbinin dördüncü sinfinə daxil olub. Az müddətdə Tiflisin ədəbi-mədəni həyatı ilə tanış olan Rza Təhmasib buradakı Azərbaycan teatr həvəskarları dərnəyinə üzv yazılıb. Təhsil ocağını 1915-ci ildə bitirib və işləmək üçün Bakıya göndərilib. O, müxtəlif idarə işlərində çalışıb. 1920-ci ilin payızında Milli Dram Teatrına işə götürülüb.

Milli səhnəmizdə obrazın səhnə təfsirinə (traktovkasına) ciddi yanaşan, sifət ifadələrinin (mimikanın) xarakterin açılmasında mühüm amil olduğunu əyani göstərən aktyorlar arasında ilkinlərdən biri də Rza Təhmasib idi. Cəfər Cabbarlının tiplər qalereyasında Aydın və Dövlət bəy ("Aydın"), Elxan və Əbu Übeyd ("Od gəlini"), Balaş ("Sevil"), Hacı Əhməd ("Almaz"), İmamyar ("Yaşar"), General-qubernator ("1905-ci ildə"), Mirzə Cəlil Məmmədquluzadənin ölməz İsgəndər və Hacı Həsən ağa ("Ölülər"), Hüseyn Cavidin İblis və Arif ("İblis"), Şeyx Sənan ("Şeyx Sənan"), Keykavus ("Səyavuş"), Dəli knyaz ("Knyaz"), Əbdürrəhim bəy Haqverdiyevin Fərhad və Hacı Səməd ağa ("Bəxtsiz cavan"), Pərviz xan ("Köhnə duman"), Nəcəf bəy Vəzirovun Fəxrəddin və Rüstəm bəy ("Müsibəti-Fəxrəddin"), Mirzə İbrahimovun Süleyman ("Həyat") kimi səhnə personajlarının ifaçıları sırasında mahir xarakterlər aktyoru Rza Təhmasibin öz yaradıcılıq nailiyyətləri var.

Aktyor kimi teatrın aparıcı sənətkarlarından olan Rza Təhmasib Milli Dram Teatrında rejissorluq da edib. 1930-cu ilin axırlarından isə kino yaradıcılığına keçib. "Arşın mal alan" filmi onun ən uğurlu işidir. Bu filmə görə o, Stalin mükafatına layiq görülüb.

Rza Təhmasib əvvəllər Bakı Teatr Məktəbində, 1946-cı ildən ömrünün sonunadək Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib. "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" (17 iyun 1943) və "Xalq artisti" (29 iyun 1964) fəxri adları ilə təltiflənib. Rza Təhmasib 14 fevral 1980-ci ildə Bakıda vəfat edib və ikinci Fəxri xiyabanda dəfn olunub.