TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

ZƏFƏR NEMƏTOV – 100

Qəbrüstü ziyarət

6 iyun 2017-ci il tarixdə görkəmli rejissor, pedaqoq, ictimai xadim Zəfər Nemətovun 100 yaşı tamam olmuşdur. Bu münasibətlə II Fəxri Xiyabanda sənətkarın qəbrüstü abidəsi ziyarət olunmuşdur.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən ziyarətdə görkəmli sənət adamları, ziyalılar, media nümayəndələri, Zəfər Nemətovun doğmaları iştirak etmişlər. Tədbir iştirakçıları Zəfər Nemətovun xatirəsini yad etmiş, onun məzarı önünə əklillər və gül dəstələri qoymuş, ruhuna dualar oxumuşlar.

Sənətkarın övladı, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti, professor Azər Paşa Nemətov atasının Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışmışdır. O, qeyd etmişdir ki, bu gün Zəfər Nemətov Azərbaycan teatrında təkcə rejissor kimi yox, eyni zamanda pedaqoq, özündən sonra milli teatrımıza yüzlərlə tələbə bəxş edən müəllim kimi hörmət və ehtiramla yad edilir. O, bütün həyatını Azərbaycan xalqının mədəniyyəti üçün həsr edib. Bu gün Zəfər Nemətovun görmək istədiyi bütün işlər davam etdirilir. O, görkəmli rejissor kimi qısa və mənalı ömür yaşayıb. Həyatı çətin keçsə də, özündən sonra silinməz izlər qoyub. Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqının binası onun zəhməti və xidməti nəticəsində yaranıb.

Sonda Azər Paşa Nemətov atasının əziz xatirəsini yad edən hər kəsə dərin minnətdarlığını bildirmişdir.