TƏDBİR VƏ LAYIHƏLƏR / Yubileylər

 

Canəli Əkbərov – 70

2010-cu il aprel ayının 12-də Azərbaycan Teatr Xadimləri İttifaqı milli opera və muğam sənətimizin görkəmli sənətkarı Canəi Əkbərovun anadan olmasının 70, səhnə fəaliyyətinin 50 illiyi münasibətilə yubiley tədbiri keçirmişdir.

C.Əkbərov 1940-cı il mart ayının 10-da el xanəndəsi Xanəli kişinin ailəsində dünyaya göz açmış, kiçik yaşlarından musiqi vurğunu olmuşdur. Bu sevgi onu – Lənkəran Tibb məktəbini bitirmiş bir gənci çəkib Bakıya, Asəf Zeynallı adına Musiqi Texnikumuna gətirib çıxarmışdır. Bir müddət Azərbaycan Dövlət Filarmoniyasında çalışdıqdan sonra 1976-cı ildən öz taleyini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına bağlayan C.Əkbərov bu teatrın səhnəsində Rübabə Muradova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Səkinə İsmayılova, Qəndab Quliyeva kimi görkəmli Leyli ifaçıları ilə tərəf-müqabil olaraq çox sevdiyi Məcnun obrazını yaratmışdır. Doğma teatrın səhnəsində yaratdığı «Əsli və Kərəm»də Kərəm, «Şah İsmayıl»da Şah İsmayıl, «Sevil» də Azançı, «Gəlin qayası»nda Camal, «Xanəndənin taleyi»ndə Mir Səid, «Aldanmış ulduzlar»da Axund kimi obrazlar ona geniş tamaşaçı auditoriyasının məhəbbətini qazandırmışdır.

Teatrda işləməklə yanaşı C.Əkbərov geniş konsert fəaliyyəti göstərmiş, həm vətənimizdə, həm də xarici ölkələrdə ölkəmizi ləyaqətlə təmsil etmişdir. 1978-83-cü illərdə Səmərqənddə keçirilən Ümumdünya Muğam simpoziumunun, 1998-ci ildə İsveçdə keçirilən Beynəlxalq Folklor Festivaının qalibi olmuşdur. Onun ifasında lentə alınmış monumental milli muğamlar, təsnif və mahnılar Azərbaycan televiziyasının «Qızıl Fond»unda saxlanılır.

Azərbaycan teatr ictimaiyyəti C.Əkbərovu həm də görkəmli pedaqoq kimi tanıyır. 1992-ci ildən bu günə kimi o, muğam sənətinin incəliklərini gənc nəslə səxavətlə öyrədir. Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, «Muğam» kafedrasının müdiridir. Onun yetirmələri arasında xalq artistləri, əməkdar artistlər, adlı-sanlı muğam ustaları var.

C.Əkbərov milli opera tamaşalarında gözəl obrazlar yaratmış, milli muğamlarımızın mahir ifaçısı kimi şöhrət tapmış, «Xalq artisti» fəxri adına, «Şöhrət» və «Şərəf» ordenlərinə, Prezident təqaüdünə layiq görülmüşdür.