TƏDBİR VƏ LAYIHƏLƏR / Anım günləri

 

YAŞAR NURI – 65

 

15 noyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Milli Dram Teatrının təşkilatçılığı ilə görkəmli aktyor, Xalq Artisti Yaşar Nurinin 65 illiyi münasibəti ilə anım günü keçirilmişdir.

Akademik Milli Dram Teatrında keçirilən tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri və Yaşar Nuri sənətini sevən tamaşaçılar iştirak etmişlər.

Tədbir iştirakçıları teatrın foyesində Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən təşkil edilmiş fotosərgi ilə tanış olmuşlar.

Xatirə gecəsində çıxış edənlər – Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev, Xalq Artisti, Professor Azər Paşa Nemətov, Əməkdar İncəsənət Xadimi Məhərrəm Bədirzadə, kinoşünas Aydın Kazımzadə sənətkarın zəngin həyat və yaradıcılıq yolundan söhbət açmış, onunla bağlı xatirələrini bölüşmüşlər. Tədbirdə Yaşar Nurinin sevdiyi mahnılar səslənmiş, sənətkarın ömür yoluna həsr olunmuş videoçarxlarda müxtəlif illərdə oynadığı tamaşalardan və filmlərdən fraqmentlər öz əskini tapmışdır.

Sonda Yaşar Nurinin övladları tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər.