TƏDBİR VƏ LAYIHƏLƏR / Yubileylər

 

MƏMMƏDƏLİ VƏLİXANLI - 120

 

30 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə görkəmli aktyor, Xalq artisti Məmmədəli Vəlixanlının 120 illik yubileyi keçirilmişdir.

Akademik Milli Dram Teatrında keçirilən tədbirdə görkəmli sənət adamları, ziyalılar, media nümayəndələri, sənətkarın doğmaları və tamaşaçılar iştirak etmişlər.

İştirakçılar teatrın foyesində təşkil olunmuş sərgi ilə tanış olduqdan sonra Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov tədbiri açıq elan etmiş, Məmmədəli Vəlixanlının həyat və yaradıcılığı haqqında söhbət açmışdır. Sonra o, sözü Xalq artisti Rafiq Əzimova vermişdir.

Rafiq Əzimov Məmmədəli Vəlixanlının keçdiyi yaradıcılıq yolundan, onun yaratdığı obrazlardan danışmış, sənətkarla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdür.

Çıxışlararası Məmmədəli Vəlixanlının şəkillərindən, oynadığı rollardan ibarət foto və videoçarxlar göstərilmiş, yaratdığı obrazlardan parçalar səsləndirilmişdir.

Çıxışların sonunda sənətkarın övladı akademik Nailə xanım Vəlixanlı tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirmişdir.

Sonra iştirakçılar vaxtilə Məmmədəli Vəlixanlının Ocaqqulu obrazında çıxış etdiyi Cəfər Cabbarlının «Almaz» tamaşasına baxmışlar.