TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

 

MİLLİ TEATR GÜNÜ. 9 mart 2018-ci il

 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılı ilə 9 mart 2018-ci il tarixdə Azərbaycan Cümhuriyyətinin 100, Azərbaycan teatrının 145, Azərbaycan Teatr Xadimləri İttifaqının 120 illiyinə həsr olunmuş «TEATR VƏ ZAMAN: 145 İLİN ƏSAS İNKİŞAF MƏRHƏLƏLƏRİ» elmi-praktik konfransı keçirilmişdir.

Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı nümayəndələrinin, görkəmli elm, incəsənət xadimlərinin və media nümayəndələrinin iştirakı ilə keçirilmiş konfransda Azərbaycan teatrının keçdiyi inkişaf yolu ilə bağlı fotosərgi və videoçarx nümayiş olunmuşdur.

Tədbiri giriş sözü ilə Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azər Paşa Nemətov açmış, Milli Teatr Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etmişdir. Konfransda Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə elmlər doktoru, professor İlham Rəhimlinin «Milli teatr və müstəqillik yolu», ADMİU-nun doktorantı Aida Qafarovanın «Teatr Xadimləri İttifaqının Azərbaycan teatr prosesində rolu», Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovun «Klassik əsərlərin səhnə təcəssümündə ənənə və novatorluq», Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm Əlizadənin «Səhnəqrafiya: tarixdən bu günə», Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rafiq Sadıxovun «Azərbaycanda rejissuranın inkişaf mərhələləri», Sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudovanın «Teatr və musiqi» mövzusunda məruzələri dinlənilmişdir.

Konfransdan sonra milli teatr sənətinin inkişafında xidmətləri olan sənətkarlar Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının mükafatları ilə təltif olunmuşlar. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini, cənab Ədalət Vəliyev bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş, Azərbaycan teatrının keçmişi və bu günü haqqında söhbət açmışdır. Sonra o, Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanı və «Fəxri Mədəniyyət İşçisi» döş nişanını sənətçilərə təqdim etmiş, onlara gələcək işlərində uğurlar arzulamışdır.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov təbriklərin sırasını davam etdirərək bu il yubileyi olan və teatr sənəti sahəsində fəallıq göstərən bir qrup səhnə xadimini İttifaqın Fəxri Fərmanı və “Sənətkar” medalı ilə təltif etmişdir.