TƏDBİR VƏ LAYIHƏLƏR / Yubileylər

 

Tofiq Quliyev - 100

27 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Milli Konservatoriyanın təşkilatçılığı ilə Azəraycan musiqi sənətinin görkəmli nümayəndəsi, bəstəkar, Xalq artisti Tofiq Quliyevin 100 illiyinə həsr olunmuş «Günəş kimi saçan musiqi» adlı yubiley gecəsi keçirilmişdir. Teatr Xadimləri İttifaqının tamaşa salonunda keçirilən gecədə görkəmli sənət adamları, ziyalılar, media nümayəndələri, sənətkarın doğmaları iştirak etmişlər.

Tədbirin aparıcısı - Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov iştirakçıları salamlamış, sənətkarın zəngin ömür yolunun vacib məqamları haqqında danışmışdır. Ekranda Tofiq Quliyevin çəkildiyi sənədli filmdən fraqmentlər, sənətkarın yaradıcılığını əks etdirən videoçarx nümayiş olunmuşdur. Sonra söz Milli Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimiyə verilmişdir. Siyavuş Kərimi Tofiq Quliyevin Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərindən söz açmış, onun milli musiqi sənətimizə bəxş etdiyi incilərdən danışmışdır.

Azərbaycan Milli Konservatoriyası tələbələrinin ifasında təqdim olunan Tofiq Quliyevin mahnılarından ibarət ifalar tamaşaçıların alqışları ilə qarşılanmışdır.

Sonda söz Teatr Xadimləri İttifaqının Sədri, Xalq artisti, professor Azər Paşa Nemətova və Tofiq Quliyevin övladı – kinorejissor, Xalq artisti, professor Eldar Quliyevə verilmişdir. Hər iki sənətkar Tofiq Quliyevi xoş xatirələrlə yad etmiş, onun yüksək sənətkarlıq keyfiyyətləri barədə danışmışlar. Eldar Quliyev tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirmişdir.