TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

 

«Yağış haqqında yuxu» tamaşası

 

18 oktyabr 2016-cı il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqının tamaşa salonunda «Rossotrudniçestvo» Beynəlxalq Humanitar Əməkdaşlıq Federal Agentliyinin Azərbaycan nümayəndəliyi, Moskva şəhər Mədəniyyət Departamentinin və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Moskva Uşaq Musiqili Teatrının «Yağış haqqında yuxu» («Son o dojde») tamaşası göstərilmişdir. Teatrın rus folkloru mövzusunda hazırladığı musiqili fantaziya tamaşaya dəvət olunmuş Bakı şəhər məktəblərinin şagirdləri tərəfindən rəğbətlə qarşılanmışdır.

Tamaşanın əvvəlində teatrın bədii rəhbəri – Rusiya Federasiyasının əməkdar artisti Aleksandr Fyodorov Bakı tamaşaçılarını salamlamış, teatr haqqında ətraflı məlumat vermişdir. O, bildirmişdir ki, 1988-ci ildə yaranmış Moskva Uşaq Musiqili Teatrı fəaliyyət göstərdiyi illər ərzində öz tamaşaçılarına onlarla orijinal quruluşlu əsərlər və konsert proqramları təqdim etmiş, bir çox ölkələrdə qastrol səfərlərində olmuş, eyni zamanda dünyanın inkişaf etmiş ölkələrnin uşaq teatr kollektivlərini qəbul etmişdir. Teatrın istedadlı yeniyetmələrdən ibarət truppası ABŞ, Fransa, Almaniya, Kuba və sair ölkələrdə beynəlxalq teatr festivallarında iştirak etmişdir. Sonra «Yağış haqqında yuxu» tamaşası və teatrın aktyorlarının ifasında geniş konsert proqramı tamaşaçılara təqdim olunmuşdur.

Tamaşadan sonra Bakı məktəbliləri yeniyetmə aktyorlarla xatirə şəkilləri çəkdirmiş, onlardan xoş təəssüratla ayrılmışlar.