TƏDBİR VƏ LAYIHƏLƏR / Beynəlxalq əlaqələr

 

 

B.Şukin adına Teatr İnstitutunda təhsil alan azərbaycanlı tələbələrin Bakı qastrolu

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 24-27 iyun 2019-cu il tarixlərdə Moskvada, B.Şukin adına Teatr İnstitutunda təhsil alan azərbaycanlı tələbələr Bakı tamaşaçıları qarşısında çıxış etdilər.

Teatr sahəsinin bütün janrları və peşə istiqamətləri üzrə gənc istedadların dəstəklənməsi, kadr hazırlığı və əlavə təhsil sisteminin təkmilləşdirilməsi, xarici dövlətlərdə məqsədli təhsilin, müştərək layihələrin həyata keçirilməsi üçün “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının tədbirlər planına əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Rusiyanın Y.Vaxtanqov adına Dövlət Akademik Teatrının nəzdində B.Şukin adına Teatr İnstitutu arasında imzalanmış əməkdaşlıq müqaviləsinə görə 2016-cı ildə B.Şukin adına Teatr İnstitutunda azərbaycanlı tələbələr üçün xüsusi aktyor-rejissor kursu yaradıldı. Tədris prosesi zamanı bir neçə tamaşa səhnələşdirən tələbələrin Bakı tamaşaçıları qarşısında hesabat tamaşaları Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Sinif konserti”, “Qafqaz təbaşir dairəsi” və “Ezop” tamaşalarından ibarət oldu.

Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq artisti Azər Paşa Nemətov tamaşaçıları salamladı, B.Şukin adına Teatr İnstitutunda azərbaycanlı tələbələrin təhsil alması üçün yaradılan şəraitdən danışdı və sözü kursun rəhbəri Rusiya Federasiyasının Xalq artisti Mixail Borisova verdi. M.Borisov ötən müddət ərzində tələbələrin təhsil prosesindən, əldə etdiyi biliklərdən, nailiyyətlərdən söhbət açdı. Sonra səhnə gənclərin ixtiyarına verildi.

Təhsil müddətində yiyələndikləri bilik və bacarıqları yüksək səviyyədə təqdim edən tələbələrin çıxışları teatr mütəxəssisləri və tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.