TƏDBİR VƏ LAYIHƏLƏR / Yubileylər

 

ŞÖVKƏT MƏMMƏDOVA – 120

Fotoşəkillər  

18 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə görkəmli sənətkar, SSRİ Xalq Artisti Şövkət Məmmədovanın 120 illiyinə həsr olunmuş «Dünya və Azərbaycan operasında Şövkət Məmmədova fenomeni» mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Teatr Xadiimləri İttifaqının Konfrans zalında keçirilən tədbirdə respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər.

Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri, Xalq Artisti, Professor Azər Paşa Nemətov çıxış edərək konfrans iştirakçılarını salamlamış, Şövkət Məmmədovanın zəngin yaradıcılıq yolundan bəhs etmişdir. Sonra konfransın aparıcısı – Xalq Artisti, Dövlət Mükafatı Laureatı Hacı İsmayılov sözü məruzəçilərə vermişdir.

Konfransda Əməkdar İncəsənət Xadimi, Sənətşünaslıq Doktoru, Professor İlham Rəhimlinin "Şövkət Məmmədova və teatr", Sənətşünaslıq üzrə Fəlsəfə Doktoru, Dosent Vidadi Qafarovun "XX əsrin əvvəllərində Azərbaycan maarifçiliyi və Şövkət Məmmədova", Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi Aida Qafarovanın "Azərbaycan Teatr Xadimləri İttifaqı və Şövkət Məmmədova" və Sənətşünaslıq üzrə Fəlsəfə Doktoru, Dosent Nərminə Ağayevanın "Azərbaycan operasında Şövkət Məmmədova fenomeni" mövzusunda məruzələri dinlənilmişdir.

Konfrans iştirakçıları Şövkət xanımın həyat və yaradıcılığına həsr olunmuş filmdən fraqmentə baxmış, İttifaq tərəfindən hazırlanmış fotosərgi ilə tanış olmuşlar.