TƏDBİR VƏ LAYIHƏLƏR / Yubileylər

 

Görkəmli sənətkar, Azərbaycan Respublikasının Əməkdar artisti, Dövlət mükafatı laureatı Səməndər Rzayevin 75 illiyinə həsr olunmuş xatirə gecəsidir

 

Fotoşəkillər

28 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə görkəmli sənətkar, Azərbaycan Respublikasının Əməkdar artisti, Dövlət mükafatı laureatı Səməndər Rzayevin 75 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi.

Akademik Milli Dram Teatrında keçirilən tədbirdə Mədəniyyət Nazirliyinin, Teatr Xadimləri İttifaqının, Teatr Muzeyinin nümayəndələri, sənət adamları, ziyalılar, media nümayəndələri, sənətkarın ailə üzvləri iştirak etdilər. Tədbir iştirakçıları teatrın foyesində Səməndər Rzayevin yaradıcılıq yolundan bəhs edən sərgi ilə tanış oldular, aktyorun xatirəsini xoş sözlərlə yad etdilər.

Tədbirin aparıcısı – Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov iştirakçıları salamladı, Səməndər Rzayevin zəngin yaradıcılıq yolundan söhbət açldı. Qeyd etdi ki, «… Azərbaycanın istedadlı teatr və kino aktyoru, qiraət ustası, Əməkdar artist, Dövlət mükafatı laureatı Səməndər Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda anadan olub. 1964-1968-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Sənət müəllimləri Rza Təhmasib, Mehdi Məmmədov, Adil İsgəndərov olublar. 1968-ci ildə, institutun son kursunda oxuyarkən görkəmli rejissor Tofiq Kazımovun dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına qəbul edilib. İlk rolu "Hamlet" faciəsində Horatsio olub. Sonralar aktyor «Dəli yığıncağı»nda Fazil Küleyni, «Vaqif»də Vaqif, «Müsyö Jordan və Dərviş Məstəli şah»da Hatəmxan ağa, «Məhv olmuş gündəliklər»də Qənimət və s. maraqlı rollar ifa edib. Fitri istedad sahibi, zəngin daxili aləmi olan Səməndər Rzayev bir sıra televiziya tamaşalarında - «Evləri köndələn yar», «Yollar görüşəndə», «Şərqin səhəri», «Közərən ocaqlar» və s. tamaşalarda mükəmməl obrazlar yaradıb…»

Sonra söz Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti, professor Azər Paşa Nemətova verildi. Azər Paşa Nemətov Səməndər Rzayevi tələbəlik illərindən tanıdığını, onun çoxsaylı müsbət keyfiyyətlərini qeyd etdi.

Əməkdar incəsənət xadimi Aydın Kazımzadə Səməndər Rzayevin kino fəaliyyəti haqqında ətraflı məlumat verdi. O, qeyd etdi ki: «…Səməndər Rzayevin yaradıcılığının bir qolunu kino fəaliyyəti təşkil edib. «Azərbaycanfilm» kinostudiyasının istehsalı olan «Nəsimi», Babək», «Ad günü», «Bəyin oğurlanması», «Bağ mövsümü» və s. bədii filmlərdə unudulmaz obrazlar yaradan aktyor ümumxalq məhəbbəti qazanıb…».

Xalq artisti Səidə Quliyeva aktyorun uzun illər aparıcısı olduğu «Bulaq» radio verilişindəki fəaliyyətindən söz açdı.

Çıxışlararası Səməndər Rzayevin ömür yoluna həsr olunmuş foto və video görüntülər iştirakçılara təqdim olundu.

Səməndər Rzayevin qızı Rübabə Səməndər tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirdi.

Sonda tamaşaçılar Akademik Milli Dram Teatrının aktyorlarının ifasında vaxtilə Səməndər Rzayevin Fazil Küleyni obrazında çıxış etdiyi «Dəli yığıncağı» tamaşasına baxdılar.