TƏDBİR VƏ LAYIHƏLƏR / Yubileylər

 

Sofya Bəsirzadə – 100

8 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə görkəmli aktrisa, Xalq artisti Sofya Bəsirzadənin 100 illik yubileyi qeyd olunub. Akademik Milli Dram Teatrında keçirilmiş tədbirdə Mədəniyyət Nazirliyinin, Teatr Xadimləri İttifaqının, Teatr Muzeyinin nümayəndələri, Sofya Bəsirzadə sənətini sevənlər, media işçiləri və sənətkarın ailə üzvləri iştirak edib. Tədbirdə işritak edənlər teatrın foyesində təşkil olunmuş sərgi ilə tanış olub, Sofya xanımın rol aldığı səhnə və ekran əsərlərindən ibarət videoçarxlara baxıblar.

Giriş sözü ilə tədbiri Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru, Xalq artisti Azər Paşa Nemətov açaraq, Sofa Bəsirzadə ilə bağlı xatirələrini bölüşüb, onun Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışıb. Qeyd edib ki: «Sofya Bəsirzadə 1918-ci ildə Kazanda doğulub. İki yaşında olanda ailəsi Bakıya köçüb. 1936-cı ildə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinə daxil olub. Teatr məktəbində onun çox gözəl müəllimləri olub. O vaxtlar Teatr məktəbində Cəfər Cabbarlı, Hüseyn Cavid, Hacıağa Abbasov kimi böyük insanlar dərs deyib. Sofya xanım bütün janrlarda çıxış etməyi bacaran sənətkar olub. Mən onun bir sıra rollarını görmüşəm, bizim çox gözəl münasibətimiz olub. Sofya xanım təkcə aktrisa kimi yox, insan kimi də yüksək mənəvi keyfiyyətlərə malik olub. Sofya xanım qırxdan çox filmə çəkilib, yüzdən çox tamaşada rol alıb».

Xalq artistləri Hacı İsmayılov, Səidə Quliyeva və İlham Namiq Kamal Sofya Bəsirzadə haqqında geniş çıxış edib, onunla bağlı xatirələrini bölüşüblər. Xalq artistləri Sofya Bəsirzadənin yüksək sənətkarlığından, insani keyfiyyətlərindən danışıb, onun xatirəsinin sənətsevərlərin qəlbində əbədi yaşayacağını deyiblər.

Sofya Bəsirzadənin ailəsi adından çıxış edən Camal Vəzirov və İradə Vəzirova tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və Dövlət Teatr Muzeyinin kollektivinə təşəkkürünü bildirib. Sonra Akademik Milli Dram Teatrı aktyorlarının ifasında Xalq artisti Sofya Bəsirzadənin xatirəsinə həsr olunan “Müfəttiş” tamaşası oynanılıb.