TƏDBİR VƏ LAYIHƏLƏR / Yubileylər

 

RƏHMAN RƏHMANOV – 60

 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 28 aprel 2017-ci il tarixdə Respublikanın Əməkdar Artisti, «Qızıl Dərviş» mükafatı laureatı Rəhman Rəhmanovun 60 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir.

Görkəmli sənətkarlar, ziyalılar və media nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə yaradıcılığının böyük bir hissəsini kukla sənəti ilə bağlayan istedadlı aktyorun həyat və yaradıcılığından söz açılmış, onun koloritli, duzlu-məzəli oyununın bütün nəsillərin tamaşaçıları tərəfindən sevildiyi qeyd olunmuşdur.

Tədbirin aparıcısı, Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq Artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov yubilyarı təbrik etmiş, onun Kukla Teatrında keçdiyi 43 illik sənət yolundan danışmışdır.

Sonra o, sözü İttifaqın Sədri, Xalq Artisti Professor Azər Paşa Nemətova vermişdir. Azər Paşa Nemətov Rəhman Rəhmanovun yaradıcılığı, çoxsaylı müsbət keyfiyyətləri haqqında danışmış, onu səmimi qəlbdən təbrik etmiş və İttifaqın simvolik hədiyyəsini – «sehrli mücrü»nü ona təqdim etmişdir.

Kukla Teatrının direktoru, Əməkdar Mədəniyyət İşçisi Rəşad Əhmədzadə Rəhman Rəhmanovun teatra, kukla sənətinə sıx tellərlə bağlılığından söz açmış, onu bundan sonrakı fəaliyyətində böyük uğurlar arzulamışdır.

Sənət dostları - Kukla Teatrının baş rejissoru, Əməkdar Artist Qurban Məsimov, televiziya rejissoru, Əməkdar İncəsənət Xadimi Məhərrəm Bədirzadə, Xalq Artisti Heydər Anatollu və digərləri sənətkarın şəxsiyyəti və sənəti haqqında xoş sözlər söyləmiş, onu 60 yaşı münasibəti ilə təbrik etmişlər.

Tədbirdə Rəhman Rəhmanovun çəkildiyi tamaşalardan və filmlərdən fraqmentlər nümayiş olunmuş, həyat və yaradıcılığına həsr olunmuş fotostend iştirakçılara təqdim olunmuşdur. Sonda iştirakçılar xatirə şəkli çəkdirmişlər.