TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

 

"Nəsir müəllimli illər" sənədli filminin təqdimatı

13 may 2019-cu il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə ARB televiziyası "Aranfilm" Yaradıcılıq Mərkəzinin istehsal etdiyi "Nəsir müəllimli illər" sənədli filminin təqdimatı keçirildi.

Azərbaycanın görkəmli teatr rejissoru, aktyoru və pedaqoqu Nəsir Sadıqzadənin pedaqoji fəaliyyətindən bəhs edən filmin təqdimat mərasimində Azərbaycan teatr və kinosunun görkəmli simaları, ziyalılar və media nümayəndələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov açdı. O, qonaqları salamladıqdan sonra 30 ildən artıq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi fəaliyyət göstərən Nəsir Sadıqzadənin Azərbaycan teatr tarixində özünəməxsus yeri haqqında danışdı, onun yetişdirdiyi tələbələrdən, onların hazırda incəsənətin bir çox sahələrində uğurla fəaliyyət göstərməsindən bəhs etdi. Sonra ARB Aran televizyasının direktoru İqbal Məmmədəliyev filmin yaranma tarixindən söz açdı.

Çıxışlardan sonra filmə baxış keçirildi. Maraqlı kadrlarla zəngin olan filmdə Nəsir Sadıqzadənin tələbələri müəllimləri haqqında xatirələrini bölüşüblər.

«Nəsir müəlimli illər» filminin ssenari müəllifi və rejissoru Babək Abbaszadə, operatoru Rafiq Əliyev, montajçısı Pərviz Səlimov, icraçı prodüseri Qənirə Qurbanlı, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.

Filmin nümayişdən sonra tədbirə toplaşanlar ekran işi haqqında fikirlərini söylədilər. Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdirdilər.