TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

 

“Nəsimi ili” çərçivəsində silsilə tədbirlər davam edir

 

20 iyun 2019-cu il tarixdə “Aktyor Evi”nin səhnəsində Yeni Azərbaycan Partiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunan tədbir keçirildi və tələbələr tərəfindən hazırlanan “Ənəlhəqq” teatr tamaşası göstərildi.

Yeni Azərbaycan Partiyası ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planı” və 2019-cu il “Nəsimi ili” çərçivəsində keçirilən tədbirdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, prof. Şəmsəddin Hacıyev, Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini Vaqif Əliyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, Azərbaycan Respublikasının Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” və “Şərəf” ordenli Rasim Balayev, Xalq artisti Alim Qasımov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov, Səbail rayonu ictimaiyyəti nümayəndələri, partiya fəalları, gənclər iştirak etdilər.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov tədbiri açıq elan edərək qonaqları salamladı, Nəsimi yaradıcılığı haqqında iştirakçılara məlumat verdi. Sonra o, sözü çıxış edənlərə verdi.

Çıxış edənlər - YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov, Azərbaycan Respublikasının Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” və “Şərəf” ordenli Rasim Balayev, Xalq artisti Alim Qasımov Nəsimi haqqında maraqlı fikirlər söylədilər.

Sonra YAP Səbail rayon Könüllülər Birliyinin İncəsənət qrupu tərəfindən nəzmlə hazırlanan, ifa olunan və Azərbaycan xalqının ədəbi və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin həyatı, yaradıcılığı və ictimai-siyasi fəaliyyətinə həsr olunan “Ənəlhəqq” teatr tamaşası göstərildi. Nəsimi fəlsəfəsi, onun ideologiyasının dünyəviliyi, o vaxtki qəddar rejimə, tökülən qanlara, insanın öz həqiqi mənliyindən çıxıb vəhşiyə dönməsinə qarşı Nəsiminin üsyankarlığının əsas götürüldüyü, mürid və mürşid, despot şah və həqiqət tələb edən şair, xeyir və şər, aşiq və məşuq münasibətlərinin ifadə olunduğu “Ənəlhəqq” tamaşasının layihə rəhbəri Rəşad İmanov, ssenari müəllifləri Rəhman Mirzəlizadə və Fehruz Rzayev, quruluşçu rejissor Cavidan Kəsəmənlidir. Tamaşa tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandı.

Sonda tədbirdə fəal iştirak edənlər mükafatlandırıldı.