TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

Görkəmli teatr rəssamı, sənətşünas alim, əməkdar rəssam Elçin Muxtar Elxanla görüş keçirilmişdir

Azərbaycan Teatr Xadimləri İttifaqında 2014-cü il fevral ayının 3-də görkəmli teatr rəssamı, sənətşünas alim, əməkdar rəssam Elçin Muxtar Elxanla görüş olmuşdur. Tədbirdə rəssamın «Neominiatür bəstələr» adlı slaydşousuna baxış keçirilmişdir. Tədbirdə şəhərin teatr cəmiyyətinin nümayəndələri, rəssamlar və gənc sənətçilər iştirak etmişlər.

Elçin Muxtar Elxan 5 ildən artıqdır ki, kompüter qrafikası ilə qədim miniatür sənətimizin yeni təfsirini yaradır. Görüşdən məqsəd yaradıcı gəncləri görkəmli sənətkarın yeni yaradıcılıq nümunələri ilə tanış etməkdən ibarətdir.

Qeyd edək ki, yanvar ayının 25-də görkəmli sənətkarın 80 yaşı tamam olmuşdur. Rəssamın uzun illər ərzində ölkəmizin müxtəlif teatr səhnələrində tamaşalara verdiyi bədii tərtibatlar səhnəqrafiya sənətimizin incilərindən sayılır.

Elçin Muxtar Elxan 1934-cü ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1960-cı ildə Leninqrad Rəssamlıq Akademiyasını bitirib. Təsviri incəsənətin səhnə tərtibatı, kitab qrafikası, rəngkarlıq, miniatür sahələrində çalışıb.

1962-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul olunub. Milli Dram Teatrında «Sən həmişə mənimləsən», «Ölülər», «Xəyyam», «Sənsiz», «İkinci səs», «Nağıl başlananda», «Xurşudbanu Natəvan» və s., Opera və Balet Teatrında «Leyli və Məcnun» tamaşalarına son dərəcə uğurlu səhnə tərtibatı verib.

Rəssamlar İttifaqının «Sultan Məhəmməd və Yazıçılar Birliyinin mükafatlarına layiq görülüb. 1982-89-cu illərdə Rəssamlar İttifaqının «Miniatür və kitab tərtibatı» bölməsinin sədri olub. «Nəsimi» filmində geyim üzrə rəssam, «Cırtdan» cizgi filminin quruluşçu rəssamı olub. Orta əsrin məşhur miniatür rəssamlarının, ustad aşıqlarımızın təsviri sənət obrazlarını yaradıb.

Milli köklərə bağlı olan rəssam Elçin 60-dək uşaq kitabına tərtibat verib. 200-dək elmi məqalənin, 20-dən artıq elmi kitabın müəllifidir. Bunlardan «Dədə Günəş əfsanəsi», «Azərbaycan toyu: toy mədəniyyətimizin bələdçisi», «Zorxana mədəniyyəti», «Nuhun dabanı», «Novruzun ulu sələfi», «El-oba oyunu, xalq tamaşası», «Padşahın kiçik oğlu», «Məlikməmmədnamə», «Şəbeh epik teatrımız», «Neominiatür sorağında», «Mən Dədə Qorqud», «Yeddi çərşənbə, yeddi bayram», «Rəssam və kompüter», «Gün çıx, çıx, çıx», «Təxti-nərd dəstgahı», «Padişahın kiçik oğlu» və s. göstərmək olar.