TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

 

Azərbaycan Respublikasının Xalq Artisti Nəsibə Zeynalovanın 100 illik yubileyinə həsr olunmuş «Ömrün səhifələri» kitabının təqdimat mərasimi. 19 dekabr 2016-cı il

Fotoşəkillər  

 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı 19 dekabr 2016-cı il tarixdə görkəmli gülüş ustası, Xalq Artisti Nəsibə Zeynalovanın 100 illiyi münasibəti ilə sənətkarın həyat və yaradıcılığından bəhs edən «Ömrün səhifələri» kitabının təqdimat mərasimini keçirmişlər. Teatr Xadimləri İttifaqında keçirilən tədbirdə görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri iştirak etmişlər.

Giriş sözü ilə mərasimdə çıxış edən aparıcı, Xalq Artisti Hacı İsmayılov qonaqları salamlamış, Nəsibə xanımın zəngin yaradıcılığı haqqında danışmış və sözü Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti, Professor Azər Paşa Nemətova vermişdir. Azər Paşa Nemətov Nəsibə Zeynalova yaradıcılığından, onun milli teatr tarixinə bəxş etdiyi dəyərli töhfələrdən söz açmış, sənətkar haqqında xatirələrini iştirakçılarla bölüşmüşdür.

Azər Paşa Nemətovun çıxışından sonra söz kitabın müəllifi, Teatr Xadimləri İttifaqının məsul katibi Aidə Qafarovaya verilmişdir. Aidə Qafarova təmsil etdiyi qurumun nəşrləri haqqında danışmış və görkəmli sənətkarların 100 illik yubileylərinə həsr etdiyi «Ömrün səhifələri» kitabının ərsəyə gəlməsində əməyi olanlara dərin təşəkkürünü bildirmişdir.

Sonra Hacı İsmayılov ardıcıl olaraq sözü çıxış edənlərə vermişdir. Çıxış edənlər - Xalq Artisti, Professor Ağakişi Kazımov, Xalq Artistləri Ramiz Məmmədov, İlham Namiq Kamal, Canəli Əkbərov, Arif Quliyev, Əməkdar İncəsənət Xadimləri Aydın Kazımzadə, Məhərrəm Bədirzadə Nəsibə xanımın çoxsaylı müsbət keyfiyyətləri haqqında danışmış, sənətkarın parlaq fitri istedadından, professional bacarığından qaynaqlanmış obrazlar haqqında söhbət açmışlar.

Sonda sənətkarın nəvəsi Nəsibə Əsgərova tədbirin təşkilatçılarına, kitabın müəllifinə təşəkkür etmiş, Cahangir Zeynalov nəslinə mənsub olması, Nəsibə Zeynalova adını daşıması ilə böyük qürur hissi duyduğunu qeyd etmişdir. Tədbiri İttifaqın sədri, Xalq Artisti, Professor Azər Paşa Nemətov yekunlaşdırmışdır.

Mərasimdə sənətikarın həyat və yaradıcılığını əks etdirən foto sərgi və videogörüntülər nümayiş olunmışdır.