TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

Həsənağa Turabov - 75 «Səsin sehri» audiodiskinin təqdimatı

Azərbaycan Teatr Xadimləri İttifaqı 2013-cü il iyun ayının 14-də xalq artisti, Dövlət mükafatları laureatı, professor Həsənağa Turabovun qiraət yaradıcılığından seçmələri özündə ehtiva edən «Səsin sehri» adlı audiodiskin təqdimat mərasimini keçirmişdir. Disk böyük aktyorun 75 illik yubileyi münasibətilə buraxılmışdır.

Yaradıcılığa Azərbaycan televiziyasında diktor kimi başlayan Həsənağa Turabov sonralar teatr və kino aktyoru kimi şöhrət tapsa da, bədii qiraətə çox bağlı olub və zaman-zaman klassik ədəbiyyatımızın ən gözəl incilərini lentə yazdırıb. Teatr ictimaiyyətinə təqdim olunan «Səsin sehri» audiodiskində Xaqani, Nəsimi, Füzuli, Natəvan, Molla Pənah Vaqif, Fatma xanım Kəminənin qəzəlləri ilə yanaşı, qiraət ustadının son ifası – Vaqif İbrahimoğlunun rejissorluğu ilə 1994-cü ildə yazdırdığı Məhəmməd Hadinin «İnsanların tarixi faciələri yaxud Əlvahi intibah» poeması da daxil edilmişdir.