TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

Milli teatrın 139-cu ildönümünə həsr olunmuş tədbir

9 mart 2012-ci il tarixində Azərbaycan Teatr Xadimləri İttifaqında milli teatr sənətinin yaranmasının 139-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən teatr xadimləri qeyd etmişlər ki, 139 il bundan əvvəl – 1873-cü il mart ayının 10-da ilk tamaşa göstərilib və bununla milli teatrın tarixi başlanıb. Azərbaycan Teatr Xadimləri İttifaqı teatr sahəsində yeganə yaradıcı təşkilat olaraq hər il ənənəvi olaraq milli teatrın yarandığı günü təntənəli surətdə bayram edir.

Tədbirə teatr sahəsində çalışan bütün yaş qrupları: görkəmli teatr xadimləri, veteran sənətçilər və gənclər dəvət olunmuşdur. Tədbir iştirakçıları olan aktyorlar çıxış edərək, teatr zarafatları, yumoreskalar və lətifələr danışmış, sənət dostlarını əyləndirmiş və eyni zamanda peşəkarlıqlarını nümayiş etdirmişlər. Bu, həm də bir növ tədbirə dəvət olunmuş veteran sənətçilər qarşısında gənclərin hesabat çıxışları təsirini bağışlamışdır. Tədbir şən musiqi, mahnı və xoş əhval-ruhiyyə ilə davam etmişdir. Bu minvalla teatr bayramına toplaşanlar peşə bayramlarını təntənəli surətdə qeyd etmişlər.