TƏDBİR VƏ LAYIHƏLƏR / Müxtəlif tədbirlər

 

Azərbaycan Teatrinin 141-ci mövsümünün açilişi ilə bağli Teatr Xadimləri İttifaqi üzvlərinin ümumi iclasi

  Photo >>>   Video >>>

30 oktyabr 2013-cü il Azərbaycan Teatr Xadimləri İttifaqında 141-ci teatr mövsümünün açılışı ilə bağlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, professor Azər Paşa Nemətov açaraq teatr mövsümünün açılışı ilə bağlı teatr ictimaiyyətini təbrik etdi. Azər Paşa Nemətov ölkəmizdə, o cümlədən teatr sahəsində aparılan islahatlardan danışaraq, bunun üçün ölkə rəhbəri İlham Əliyev cənablarına minnətdarlığını bildirdi.

Natiq qeyd etdi ki, bu yaxınlarda ölkədə Prezident seçkiləri keçiriləcək. Söz yox ki, ölkəmizin teatr xadimləri öz mövqelərini bildirib, layiqli namizədə səs verəcəklər. Azər Paşa Nemətov ölkə rəhbəri İlham Əliyev cənablarını ən layiqli namizəd hesab etdiyini xüsusi vurğuladı.

Sonra çıxışlara söz verildi. Azərbaycan Musiqili Teatrının direktoru Əliqismət Lalayev, sənətşünaslıq doktoru Məryəm Əlizadə, xalq artistləri Ağakişi Kazımov, Canəli Əkbərov, Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski, xalq artisti Məleykə Əsədova, Anar Heybətov və başqaları çıxış edərək ölkə rəhbəri İlham Əliyev cənablarının prezidentliyə yeganə namizəd olduğunu bildirib, onun siyasətini dəstəklədiklərini qeyd etdilər.

Tədbirin sonunda C.Cabbarlı adına İrəvan Dövlət azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev Azərbaycan Teatr Xadimləri İttifaqı üzvlərinin bəyanatını səsləndirdi. Hamı yekdilliklə bəyanatı alqışlayıb, razılıqlarını bildirdilər.

Tədbirin sonunda sonunda Azərbaycan Teatr Xadimləri İttifaqına yeni qəbul olunmuş gənclərə üzvlük bileti təqdim olundu.

 

Azərbaycan Teatr Xadimləri İttifaqı üzvlərinin 141-ci teatr mövsümünün açılışı ilə əlaqədar keçirilən ümumi yığıncağının
BƏYANATI

Azərbaycan peşəkar teatrı özünün 140 illik yubiley tarixini arxada qoymuşdur. XIX əsrin ortalarında dahi Azərbaycan mütəfəkkiri və dramaturqu M.F.Axundzadənin yazdığı 6 komediya ilə Azərbaycan xalqının milli sənət təfəkkürünə «dramaturgiya» və «teatr» anlayışları daxil oldu.

1873-cü il mart ayının 10-da teatr həvəskarları Bakıda ilk dəfə «Vəziri-Xani Lənkəran» tamaşası göstərdilər və bununla da milli sənət təcrübəmizdə teatr və tamaşa ilə bağlı anlayışlar yaranıb formalaşmağa başladı.

XX əsrdə böyük bir inkişaf yolu keçən, mədəniyyət tariximizə adı qızıl hərflərlə yazılmış sənətkarlar yetişdirən Azərbaycan teatrı bütün tarixi dönəmlərdə milli sənət təfəkkürünün ənənələrinə, ümumbəşəri humanist ideallara sadiq qalmış, milli azadlıq hərəkatının, dövlət müstəqilliyi uğrunda aparılan mübarizənin ön sıralarında xalqla birgə olmuşdur.

Xalqımızın özünütəsdiqində elm və mədəniyyətin misilsiz rolunu yüksək dəyərləndirən, mədəniyyətin son dərəcə həssas, kövrək bir sahəsi olan teatra xüsusi diqqət yetirən, qəlbində daim teatr sevgisi gəzdirən ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən mədəniyyət siyasətini daha da inkişaf etdirərək ölkə Prezidenti cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi illərdə teatr sənətinin davamlı inkişafına yönələn irimiqyaslı tədbirlərin həyata keçirilməsinə rəvac vermiş, son 10 ildə teatr sənətinin inkişafı ilə bağlı taleyüklü «Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında» Sərəncam, «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramı, «Teatr və teatr fəaliyyəti haqqında» Qanun, «10 Mart – Milli Teatr Gününün təsis edilməsi haqqında», «Azərbaycanda peşəkar milli teatrın yaranmasının 140 illiyi haqqında» sərəncamlar və sair mühüm sənədlər imzalamışdır. Ölkənin bir çox teatrlarında əsaslı təmir və bərpa işləri aparılmış, teatrların maddi-texniki bazası gücləndirilmiş, teatrlar dünya standartlarına cavab verən texniki avadanlıqla təchiz olunmuşdur.

Azərbaycan teatrının dünyaya initeqrasiyası istiqamətində aparılan böyük işlər artıq öz bəhrəsini verməkdədir. «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramında qeyd olunan müddəalara uyğun olaraq Bakıda keçirilmiş Bakı Beynəlxalq Teatr konfransları, Beynəlxalq Kukla Teatrları festivalları, Beynəlxalq Çexov Festivalının «İpək Yolu» mərhələsi dünyanın diqqətini Bakıya yönəltmişdir. Azərbaycan teatrları dövlətin qayğısı və maddi dəstəyi ilə bir çox beynəlxalq layihələrə qatılmaq imkanı əldə etmişlər.

Teatr sənətçilərinin sosial problemlərinə də xüsusi diqqət yetirilmiş, teatrda çalışan sənətçilərin maaşları dəfələrlə artırılmış, çox sayda sənətkarlara fəxri adlar, Prezident təqaüdləri və mükafatları, Azərbaycan dövlətinin orden və medalları verilmişdir. Bütün bunlar ölkəmizdə mədəniyyətin mühüm qolu olan teatr sənətinə verilən böyük qiymətdən xəbər verir. Qeyd olunanlar ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu mədəniyyət siyasətinin sayəsində mümkün olmuşdur.

Yuxarıda qeyd olunanlardan çıxış edərək

BƏYAN EDİRİK:

Ölkənin teatr ictimaiyyəti, Azərbaycan Teatr Xadimləri İttifaqının çox saylı üzvləri Prezident seçkilərində Prezidentliyə namizəd İlham Heydər oğlu Əliyevə səs verəcək.

 

Bakı şəhəri, 30 sentyabr 2013-cü il.