MEDİATEKA / Mətbuat

 


< Geri

Akademik Milli Dram Teatrında Xalq Artisti, görkəmli teatr və kino xadimi Ağasadıq Gəraybəylinin anadan olmasının 120 illiyinə həsr edilən yubiley gecəsi keçirilib

 

Ağasadıq Gəraybəyli geniş yaradıcılıq diapazonuna malik böyük sənətkar kimi Azərbaycanın zəngin mədəniyyət salnaməsində xüsusi yer tutur. Onun milli dram teatrının səhnəsində və kinematoqrafiyada professionallıq baxımından son dərəcə müvəffəqiyyətlə canlandırdığı müxtəlif xarakterli obrazlar yüksək bədii təsir qüvvəsini qoruyub saxlamış dəyərli sənət nümunələridir.

Bu fikirlər Akademik Milli Dram Teatrında Xalq Artisti, görkəmli teatr və kino xadimi Ağasadıq Gəraybəylinin anadan olmasının 120 illiyinə həsr edilən yubiley gecəsində səslənib. Mərasim Prezident İlham Əliyevin Ağasadıq Gəraybəylinin 120 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamına əsasən təşkil edilib.

Mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə iştirakçılar əvvəlcə teatrın foyesində sənətkarın ömür yolu və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar. Yubiley gecəsində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib ki, görkəmli sənətkarın 120 illik yubileyi dövlətimizin başçısının müvafiq Sərəncamı ilə ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunmaqdadır.

Ağasadıq Gəraybəylinin ömür yoluna nəzər salan natiq bildirib ki, o, 1897-ci ildə Şamaxıda dünyaya göz açıb. Atasını erkən itirib. Bakıya gələrək Əlisəttar kişi və Heyran xanımın ailəsində yaşayıb. Məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub. Hüseyn Ərəblinskidən, Mirmahmud Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin köməyi ilə “Nicat”, sonra “Səfa” həvəskar teatr dərnəklərinə üzv olub.

1921-ci ildə Cəlil Məmmədquluzadənin “Ölülər” pyesində kefli İsgəndər rolunu oynayıb. Üzeyir Hacıbəylinin qayğısı sayəsində teatr kursuna yazılıb.

1933-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan unudulmaz sənətkar “Müfəttiş”, “Nişanlı qız”, “Əliqulu evlənir”, “Ölülər”, “Aydın”, “Yurdsuz insanlar”, “Od gəlini”, “Fərhad və Şirin”, “Ovod” və digər səhnə əsərlərində bir-birindən fərqli rollarda çıxış edib. İlk dəfə filmə 1924-cü ildə çəkilən A.Gəraybəyli “Qız qalası”nda həkim obrazını mükəmməl tərzdə oynayıb. 1928-ci ildə “Hacı Qara” filmində Əsgər bəy rolunda çıxış edib. 1937-ci ildə “Dəcəl dəstə” uşaq filmində ata, 1947-ci ildə “Fətəli xan” tarixi–bioqrafik filmində İran sərdarı rollarını ifa edən aktyorun “Bəxtiyar” filmindəki Ağabala obrazı onun kino yaradıcılığında xüsusi yer tutur. “O olmasın, bu olsun” kinokomediyasındakı Rüstəm bəy surəti aktyorun teatr və kinoda yaratdığı ən müvəffəqiyyətli işlərindən hesab edilir.

A.Gəraybəyli müxtəlif vaxtlarda “Qızmar günəş altında” filmində Sərdarov, “Leyli və Məcnun”da İbn Xalid, “Yaşamaq gözəldir, qardaşım”da Dayı, “Poçt qutusu”nda Bəy, “Ulduzlar sönmür”də Jandarm, “Bizim küçənin oğlanları”nda Rüstəm kişi, “Mən nəğmə qoşuram” və “Musiqi müəllimi” filmlərində epizodik rollarda çıxış edib.

Nazir müavini vurğulayıb ki, istər teatrda, istərsə də kinoda bu böyük sənətkarın yaratdığı yüzlərlə surət aktyorun tükənməz zəhmətinin, gərgin əməyinin bəhrəsidir. Ömrünü Azərbaycan teatr və kino sənətinə həsr edən Ağasadıq Gəraybəyli bütün zamanlarda xatırlanacaq çox dəyərli obrazlar qalereyası yaradıb. Hər zaman onun adı çəkiləndə insanların gözü önündə bir-birindən maraqlı obrazlar canlanır.

Ədalət Vəliyev deyib: “Milli teatrımızın klassiklərindən, fədailərindən olan Ağasadıq Gəraybəylinin səhnə fəaliyyətinə aid faktları xatırlayanda heyrətlənməyə bilmirsən. O, 200-dən çox rolda, eləcə də fərqli qrimlərdə, qiyafələrdə səhnəyə çıxıb. Onun yaratdığı obrazların hər birinin adı teatr tarixinə qızıl hərflərlə yazılıb. Ona görə ki, aktyor təkcə müəllif fikirlərinə, rejissor quruluşlarına, mizanlarına görə səhnəyə çıxmayıb, oynamayıb. Həm də əsərin mahiyyətini anlayıb, etibar edilmiş rolların milli dəyərlərini dərk edib. Hər bir obrazın amalını, məqsədini tamaşaçılara çatdırmağa çalışıb. Bu cəhətlərinə görə də sevilib, hörmət qazanıb. Ağasadıq Gəraybəyli Azərbaycan teatr və kino tarixində elə nadir simalardandır ki, Əməkdar Artist fəxri adı olmadan ona birbaşa Xalq Artisti adı verilib”.

Mədəniyyət və turizm nazirinin müavini sənətkarla bağlı xatirələrini də bölüşüb. Sonra aktyorun ailəsi adından nəvəsi - Azərbaycan Dövlət Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli çıxış edərək babasının xatirəsinə göstərilən hörmətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, yubiley gecəsinin təşkilində əməyi olan hər kəsə təşəkkür edib. Gecədə Ağasadıq Gəraybəylinin səhnəyə ilk gəlişini əks etdirən səhnəcik və “Müfəttiş” tamaşasından parça da təqdim olunub, onun rol aldığı filmlərdən kadrlar göstərilib. Gecədə xanəndələrin ifasında musiqilər səsləndirilib. Qeyd edək ki, yubiley tədbirinin rejissoru və ssenari müəllifi Əməkdar Artist Firudin Məhərrəmov, rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğludur.

 

mct.gov.az, noyabr 2017-ci il


< Geri