TƏDBİR VƏ LAYIHƏLƏR / Beynəlxalq əlaqələr

 

 

Gəncə Dövlət Dram Teatrı və Ozurgeti Dövlət Teatrı arasında əməkdaşlıq Memorandumu

2018-ci il noyabrın 14-də Azərbaycan Teatr Xadimləri İttifaqı və Gürcüstan Teatr Cəmiyyəti arasında imzalanmış mədəni əlaqələrin inkişafına dair Memorandum çərçivəsində 5 aprel 2019-cu il tarixdə Gəncə Dövlət Dram Teatrı və Ozurgeti Dövlət Teatrı arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə İttifaqın sədri, Xalq artisti, professor Azər Paşa Nemətov açıb. A.Nemətov son illər göstərilən dövlət qayğısı nəticəsində Azərbaycanda teatr sənətinin yeni səviyyəyə yüksəldiyini, teatrlarımızın qastrol səfərləri, böyük festivallarda iştirakı, beynəlxalq əlaqələrin gücləndiyini qeyd edib: “Bu gün Azərbaycan və Gürcüstanın aparıcı teatrları arasında memorandumun imzalanması ölkələrimiz arasında mədəni əlaqələrin ildən-ilə gücləndiyini nümayiş etdirir. Əminəm ki, bu sənəd tezliklə öz müsbət nəticəsini göstərəcək”.

Ozurgeti Dövlət Teatrının bədii rəhbəri Vasil Çiqogidze Gürcüstanda Azərbaycanın teatr sənətinə böyük maraq olduğunu qeyd edib və imzalanan Memorandumun Azərbaycan və Gürcüstan respublikaları arasında mədəni əlaqələrin inkişafına xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Gəncə Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımov Ozurgeti Dövlət Teatrını Gəncədə görməkdən məmnun olacaqlarını bildirib, daimi diqqət və qayğıya görə Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbərliyinə təşəkkürünü bildirib.

Sonda teatrların rəhbərləri qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalayıblar.